Ruhani” havası altında torpağa tapşırıldı

 

Aprelin 2-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Prezident təqaüdçüsü, “İstiqlalordenli Xalq yazıçısı İsa Hüseynov son mənzilə yola salındı.

Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Xalq yazıçısının cənazəsi önünə Azərbaycan Respublikasının Prezidenti, hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər qoyulmuşdu.

Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev mərasimdə çıxış edərək İsa Hüseynovun yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu, ədibin özündən sonrakı nəsil yazıçıların yetişməsində xüsusi xidmətləri olduğunu vurğuladı: “Hələ sağlığında ədəbiyyatımızın klassiklərindən birinə çevrilən İsa Hüseynovun əsərləri həmişə böyük sevgi və məhəbbətlə oxunub. Yaradıcılığının böyük hissəsi keçmiş sovetlər dövrünə təsadüf edən yazıçı sosializm realizminin ənənələrindən uzaq, əsl ədəbi nümunələr yaratmağa çalışıb. Onun ötən əsrin 60-70-ci illərində qələmə aldığı əsərlər nəinki Azərbaycan ədəbiyyatında, hətta sovet ədəbiyyatında böyük hadisəyə çevrilmişdi”.

İsa Hüseynovu özünün müəllimi hesab edən Elçin Əfəndiyev 14-15 yaşlarında olanda ilk yazılarını ona göstərdiyini, ondan tövsiyələr aldığını bildirdi: “Bir vaxtlar mənə yaradıcılıq yolu göstərən böyük müəllimimə nə vaxtsa matəm nitqi söyləyəcəyimi düşünə bilməzdim. Onun vəfatı, fiziki olaraq onu bizdən uzaqlaşdırsa da, ruhən həmişə bizimlə olacaq. İsa Hüseynovun əsərləri bizi ədəbiyyata yaxınlaşdırıb, onun əsərlərini oxuya-oxuya ədəbiyyata daha möhkəm tellərlə bağlanmışıq. Vətənə, torpağa bağlı olan İsa Hüseynov müasir Azərbaycan ədəbiyyatının mütəfəkkiri, görkəmli dilfikir ustası kimi yazdığı əsərlərlə daim ədəbiyyatımızda yaşayacaq”.

Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalq yazıçısının keçdiyi şərəfli həyat yolunun, yaradıcılığının gələcək nəsillərə örnək olduğunu vurğuladı: “İsa Hüseynov həyatı boyu yazdığı əsərləri ilə, ictimai fəaliyyəti ilə Azərbaycana xidmət etmişdir. Onun əsərlərini oxuduqca insan Azərbaycan dilinin gözəlliyinə heyran olur. Ustad sənətkar ilk növbədə böyük nasir idi”.

Qeyd olundu ki, 50-ci illərdə yaradıcılığa başlayan böyük ədib “Bizim qızlar”, “Dan ulduzu”, “Saz”, “Tütək səsi”, “Quru budaq”, “Kollu Koxa”, “Teleqram”, “Yanar ürək”, “Doğmayad adamlar”, “İdeal”, “Məhşər”, “Cəhənnəm” və digər əsərləri ilə adını Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə yazıb. Onun ssenariləri əsasında çəkilmiş “İyirmialtılar”, “Ulduzlar sönmür”, “Nəsimi”, “Tütək səsi” və “Nizami” filmləri milli kinomuzun qızıl dövrünün formalaşmasında qiymətli ekran əsərləridir.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar həm ədib, həm də insan kimi İsa Hüseynovun böyük şəxsiyyət olduğunu bildirdi: “İtkimiz çox böyükdür. O, Azərbaycan ədəbiyyatının təkrarsız yazıçısı idi. İsa Hüseynov Azərbaycan ədəbiyyatına yeni ruh gətirmişdi. Mənim taleyimdə də onun böyük rolu var. O, gözəl yazıçı olmaqdan başqa, saf və nəcib insan idi. Onun yeri həmişə görünəcək”.

Vida mərasimində Xalq şairi Nəriman Həsənzadə və Xalq artisti, kinorejissor Eldar Quliyev də çıxış edərək İsa Hüseynovun bənzərsiz yaradıcılıq axtarışlarından, səmimiyyətindən, yüksək insani keyfiyyətlərindən danışdılar. Bildirildi ki, o, dünyanın böyük yazıçıları ilə müqayisə edilə biləcək bir sənətkardır. İsa Hüseynov əsərlərində hadisələrə elmi-fəlsəfi baxımdan yanaşıb, bir yazıçı olmaqdan daha çox, sosioloq, filosof-tarixçi kimi ictimai-siyasi dəyişikliklərin, mənəvi-psixoloji amillərin köklərini araşdırıb.

Mərhumun ailəsi adından çıxış edən Sevinc Hüseynova atasının xatirəsinə göstərilən dərin hörmət və ehtirama görə minnətdarlığını bildirdi.

Sonra görkəmli yazıçının cənazəsi Fəxri xiyabana gətirildi. İsa Hüseynov öz vəsiyyətinə uyğun olaraqRuhanisaz havası altında torpağa tapşırıldı.

Allah rəhmət eləsin.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 4 aprel.- S. 4.