“Dünyanın mədəniyyət rəngləri”

 

Respublika Uşaq Kitabxanası yarışma keçirir

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası 22 may - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Bakı şəhərinin uşaq yaradıcılıq mərkəzləri arasında “Dünyanın mədəniyyət rəngləri” mövzusunda müxtəlif xalqların milli kuklalarının hazırlanması və bədii kompozisiyasının təqdimatı üzrə yarışma keçirir.

Kitabxanadan bildiriblər ki, yarışma müxtəlif xalqların kuklalarının milli geyimlərinin düzgün seçilməsi, əl işləri olan kuklaların sərgidə nümayişi, müvafiq ölkəyə məxsus nağılın şirma formasında təqdimatı, çarxlı (video və ya foto) slaydın hazırlanması (5-7 dəqiqə), milli geyimdə həmin xalqın rəqsinin təqdimatı (5-7 dəqiqə) nominasiyaları üzrə nəzərdə tutulub.

Müsabiqədə iştirak üçün mayın 10-dək müraciət etmək olar. Yarışmanın qalibinə kubok və kompyuter dəsti, nominasiyalar üzrə fərqlənənlərə isə diplom və hədiyyələr təqdim ediləcək.

 

Mədəniyyət.- 2014.- 16 aprel.- S. 3.