Xalq çalğı alətləri ifaçılarının respublika müsabiqəsi

 

Uşaq və gənclər arasında müsabiqənin ilk turuna Mingəçevir şəhərində start verilib

 

Mədəniyyət və Turizm Nazirliyi musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 2014-cü il aprel-may aylarında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsini keçirir.

Müsabiqə 2 turdan ibarət olaraq, 6 ixtisas (tar, kamança, qanun, qarmon, saz, balaban) üzrə Bakı, Mingəçevir, Goranboy, Şəki, Xaçmaz, Ağcabədi, Şirvan şəhərlərində keçirilir. Müsabiqəyə 600-dən çox şagird sənəd verib.

Müsabiqənin I turu aprelin 14-dən Mingəçevir şəhərində başlayıb. Müsabiqə iştirakçılarının çıxışlarını respublikanın Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyevin sədrliyi ilə münsiflər heyəti qiymətləndirir.

I turda müvəffəqiyyətlə iştirak edən şagirdlər II tura buraxılacaq. II tur may ayının 14-dən Bakı şəhəri Ə.Bədəlbəyli adına 23 nömrəli onbirillik musiqi məktəbində keçiriləcək.

Münsiflər heyətinin qərarına əsasən müsabiqədə yüksək səviyyədə və uğurla çıxış edən qaliblər diplom, fəxri fərman və tərifnamələrlə təltif olunacaqlar. Müsabiqə çərçivəsində tar, kamança, qanun, qarmon, balaban, saz ixtisasları üzrə ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub.

Müsabiqənin yekun konserti may ayında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

 

Mədəniyyət.- 2014.- 16 aprel.- S. 4.