Turizm İnstitutu yeni beynəlxalq layihənin iştirakçısı olub

 

Layihə iştirakçı ali məktəblərin tədris planlarının Avropa universitetləri ilə eyniləşdirilməsinə kömək edəcək

 

Azərbaycan Turizm İnstitutu bu günlərdə daha bir layihənin iştirakçısı olub. İnstitut Avropa BirliyininGürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı” Tempus layihəsində iştirakçı hüququ qazanıb.

Layihə çərçivəsində aprelin 7-dən 11-dək Fransanın Tonon-le-Ben şəhərində keçirilən ilk beynəlxalq seminarda ATİ-ni turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalov təmsil edib. O, seminar iştirakçılarını ATİ-nin fəaliyyəti ilə tanış edib, turizmhotelçilik ixtisası üzrə həyata keçirilən bakalavrmagistr hazırlığından danışıb. Layihənin ümumi koordinatoru Fransadakı Grenobl Akademiyasının professoru Jean-Noel Pachoud ATİ-nin böyük gələcəyi olduğuna əminliyini bildirib.

Beynəlxalq seminarın sonunda layihənin ölkələr üzrə idarə heyəti təsdiq edilib. ATİ-nin professoru Həsən Hüseynov Azərbaycan üzrə milli əlaqələndirici, dosent Bahadur Bilalov onun müavini seçilib.

Qeyd edək ki, Gürcüstan, Azərbaycan və Moldovada mehmanxana işinin menecmenti üzrə bakalavr-magistr hazırlığı istiqamətində Tempus layihəsi iştirakçı ali məktəblərin tədris planlarının Avropa universitetləri ilə eyniləşdirilməsini, ikili diplomların və diploma əlavələrin verilməsini nəzərdə tutur.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 9.