Mirzə Cəlil dühasının işığında

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyində Naxçıvan Dövlət Universiteti (NDU) ilə birlikdə böyük ədibə həsr olunmuş lektoriya keçirilib. Molla Nəsrəddin” jurnalının nəşrinin 108-ci ildönümünə həsr olunmuş tədbirdə muzeyin direktoru Aləmzər İbrahimova çıxış edərək Mirzə Cəlil dühasından ərsəyə gələn bu nəşri Azərbaycan ədəbiyyatı və mətbuatı tarixinin şərəfli səhifəsi kimi dəyərləndirib.

NDU-nun tarix-filologiya fakültəsinin dekanı, dosent İman Cəfərov “Molla Nəsrəddin” jurnalının tarixi barədə məruzə edib. Qeyd olunub ki, ustad Mirzə Cəlil və onun mollanəsrəddinçi məsləkdaşlarının azərbaycançılıq məfkurəsi, milli istiqlal və bəşəri duyğular uğrunda mübarizələri həmişəyaşardır, gələcək nəsillər üçün örnəkdir. Tələbələr “Molla Nəsrəddin-108” sərgisinə baxıb, jurnal yaradıcıları ilə bağlı eksponatlarla tanış olublar.

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 15.