“Canlı klassika

 

Moskvada keçiriləcək beynəlxalq qiraət müsabiqəsində ölkəmizin təmsilçiləri məlum olub

 

İyunun 3-dən 7-dək Moskvada gənc qiraətçilərin “Canlı klassika-2014” beynəlxalq müsabiqəsinin finalı keçiriləcək.

Rusiya Federasiyası Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə federal agentliyinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi müsabiqənin məqsədi uşaqlar arasında mütaliə vərdişi və bacarıqlarının inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqları aşkarlamaq, uşaq və gənclərdə rus dilidünya ədəbiyyatına marağı artırmaqdır. Bu il müsabiqədə Rusiya, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, MoldovaUkrayna məktəblilərinin iştirakı gözlənilir.

Hər bir ölkədən müsabiqəyə müxtəlif - məktəb, rayon, regionalmilli mərhələlər üzrə seçim turları keçirilir. Ölkəmizə gəlincə, hər bir kitabxana və filiallarının yerləşdiyi ərazi üzrə müsabiqənin birinci turu keçirilir və seçilən 1 nəfər növbəti turda iştirak üçün Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) təqdim edilir. İkinci turda fərqlənən 3 iştirakçı müsabiqənin finalında çıxış etmək hüququ qazanır.

Müsabiqədə orta məktəblərin rus bölməsində təhsil alan 6-cı sinif şagirdləri, Bakı şəhər kitabxanalarının oxucuları iştirak edir. Fevral ayından başlanan bu prosesə aprelin 18-də Səbail rayon MKS-nin 2 saylı filialında (M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanası) yekun vuruldu.

İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzlərinin obrazlılığı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirildi və münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirildi. Münsiflər heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Səbinə Məmmədova, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, Nərimanov rayon MKS-nin direktoru Tatyana İndeykina daxil idi.

Sonda fərqlənən 3 nəfər - 160 saylı klassik gimnaziyanın şagirdləri Emil Zeynalov, Cənnət Qaşqay və Nəzrin Arıxova “Canlı klassika-2014” beynəlxalq müsabiqəsinə vəsiqə qazandılar. Qaliblər müsabiqənin medalları, qiymətli hədiyyələr və turist səyahətləri ilə mükafatlandırılacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 23 aprel.- S. 11.