“Həyata keçirilməyən arzular...”

 

Londonda Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr olunmuş sərgi açılıb

 

LondonunOxo Tower Wharf” məkanının qalereyasında “VII Photo” təşkilatı və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı ilə “Həyata keçirilməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri” adlı sərgi açılıb.

Sərgidə məşhur fotojurnalist Ed Kaşinin ölkəmizin qaçqın və məcburi köçkünlərinin həyat tərzindən bəhs edən şəkilləri nümayiş olunur.

Mərasimdə çıxış edən AAC-ın sədri Taleh Heydərov çıxışında Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb, bu insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən danışıb. O, sərginin beynəlxalq ictimaiyyəti Azərbaycanın qaçqın və məcburi köçkünləri barədə məlumatlandırmaq məqsədi daşıdığını qeyd edərək burada yer alan fotoşəkillərə görə Ed Kaşiyə təşəkkürünü bildirib.

Fotojurnalist Ed Kaşi Azərbaycan haqqında təəssüratlarını iştirakçılar ilə bölüşüb, səfər zamanı görüşdüyü qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaq üçün gələcəyə ümidlə baxdığını vurğulayıb.

Ekspozisiyada nümayiş olunan fotoşəkillər 20 ildən artıqdır ki, didərgin həyatı yaşayan insanların həyat xronikalarıdır. Sərgi aprelin 13-dək davam edəcək.

 

Mədəniyyət.- 2014.- 11 aprel.- S. 5.