Musiqi məktəbində yubiley tədbiri

 

Aprelin 15-də G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbində Xalq artisti, görkəmli bəstəkar Ramiz Mirişlinin 80 illik yubileyi ilə bağlı tədbir keçirildi.

Tədbiri məktəbin nəzəriyyə şöbəsinin müdiri, musiqişünas Fazilə Nəbiyeva açaraq sənətkarın həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, Ramiz Mirişli xalq tərəfindən sevilən gözəl mahnı və romanslar müəllifi kimi tanınır. Bəstəkar başqa janrlarda da qələmini uğurla sınayıb. Simfonik poemalar, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri üçün süitalar, musiqi lövhələri, mahnı və rəqs ansamblı üçün süita, məktəblilər üçün xoreoqrafik şəkillər bu qəbildəndir.

Bəstəkar Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kinodram musiqisi sahəsində yetkin əsərlərin müəllifidir. Uzun müddətdir pedaqoji fəaliyyətlə məşğuldur.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxış edərək bildirdi ki, hamımızın sevimlisi, görkəmli sənətkar Ramiz Mirişli böyük yaradıcılıq yolu keçib. O, xalqın elə sənətkarlarındandır ki, həyat və yaradıcılıq yolu gələcək nəsillər üçün bir örnəkdir.

Əməkdar artist Ağacəbrayıl Abasəliyev qeyd etdi ki, Ramiz Mirişli böyük yaradıcılıq yolu keçməklə yanaşı, həm də gözəl müəllimdir. Onun yetişdirdiyi istedadlı sənətkarların səsi-sorağı respublikanın hüdudlarını aşıb. Sənətkar üçün bundan da böyük xoşbəxtlik nə ola bilər.

Sonra məktəbin məzunu Mircavid Cəfərov bəstəkarın “Oxu, tar”, Nərgiz Kazımova isə “Fortepiano üçün 6 miniatürünü səsləndirdi. Əməkdar artistlər Heydər AnatolluGülyaz Məmmədova sənətkarın əsərlərini ifa etdilər.

Azərbaycan Milli Konservatoriyanın prorektoru, professor Akif Quliyev, 35 saylı musiqi məktəbinin direktoru Yusif Vəliyev çıxış edərək yubilyara təbriklərini, xoş arzularını çatdırdılar. Sonda çıxış edən Ramiz Mirişli tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 16 aprel.- S. 7.