Euronews” ölkəmizdəki molokanlar haqqında reportaj yayımlayıb

 

Kanalın müxbirini İvanovka kəndində əriştəyə qonaq ediblər

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Euronews" telekanalı tərəfindən İsmayıllı rayonunun İvanovka kəndində yaşayan molokanlar haqqında xüsusi reportaj hazırlanıb. Reportajda molokanların həyat tərzi, adət-ənənələri, mətbəx nümunələrindən bəhs edilir.

Qeyd olunur ki, Rusiyadan Azərbaycana gələn molokanlar 1834-cü ildən İsmayıllı rayonunda məskən salıblar. İvanovka kəndinin əhalisi etnik ruslardan ibarətdir və molokan icmasının yaşadığı ərazilərdən biridir.

Reportajda molokanların tarixi və həyat tərzi barədə geniş məlumat verilir. Qeyd olunur ki, onlar dua etmək üçün toplaşanda nəinki videokamera, hətta mobil telefon belə gətirmək qadağandır. LakinEuronewsun əməkdaşlarına bu məsələdə istisna olunub. İvanovkanın yaşlı sakinlərindən biri Matvey Yermolov bildirib ki, birgə dua etmək üçün yığışmaq, həmçinin icmanın görüş anıdır. Bura toplanmaq həm də məsələlərin birgə həllini tapmaq üçün səbəbdir.

Telereportajda qeyd olunur ki, İvanovkada hər bir molokanın evində soba var. Bu, ənənəvi dadlı yeməkləri bişirmək üçündür. Heç bir ailəvi və bayram toplantıları “əriştəsiz” keçmir. Teleyayımda Valentina SerebrannikovaEuronewsun müxbirlərinə “əriştə” təklif edir.

Reportajda İvanovkada sovet dövründən qalan yeganə kolxoz barədə də söz açılır. Kənd sakini İvan Novoselsev kanala müsahibəsində bütün ömrü boyu kolxozda işlədiyini, təqaüdə çıxdıqdan sonra arıçılıqla məşğul olduğunu deyib.

Süjetdə qeyd olunur ki, İvanovka sakinləri tarixi ənənələrinə çox sadiqdirlər, eyni zamanda, dəyişikliklərdən də çəkinmirlər.

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 5.