Ora-bura” getmələr...

 

Bu həyatda hamımız var-gəl edirik

 

Bədənlə ruhun, hərəkətlə mimikaların, sükutla “söhbətin” harmonik həllinin məkanı olan Dövlət Pantomima Teatrı bu günlərdə növbəti premyera - “Ora-bura” tamaşası ilə sənətsevərləri bir araya gətirdi.

Eksperimentlər ünvanında budəfəki söz sahibi istedadlı gənclər idi. Səhnə əsərinin ideya müəllifli və quruluşçu rejissoru Bəhruz Əhmədli “Ora-bura” gedənlərə bələdçilik edirdi. Səhnə tərtibatı Sənubər Səmədovaya, musiqi tərtibatçılığı Əməkdar artist Elman Rəfiyevə tapşırılmışdı. Plastik həll üzrə rejissorluq isə hər zamankı kimi Xalq artisti Bəxtiyar Xanızadənin üzərində idi. Səhnədə teatrın sevilən aktyorları - əməkdar artistlər Nargilə Qəribova, Elman Rəfiyev, aktyorlardan Elnur İsmayılov, Nurlan Rüstəmov, Əli Əlizadə, həmçinin əsərin müəllifi Bəhruz Əhmədli yer almışdı.

Səhnədə hər şey tamam-kamaldır. Elə tamaşa zalında da. Əsas tamaşaçı auditoriyası şən-şaqraq, bir az da yeni-yeni teatrallaşan zövqlü gənclərdir. Ora-bura” elə foyedən başlamışdı, giriş hissə və ümumən həll barədə ilk siqnallar elə buradaca verilirdi: bir neçə çamadan, ortada üzərinə “ora” və “bura” yazılmış bir neçə göstərici dirəyi və qarşılanma, yeni görüş həyəcanına uğurlu seçilmiş musiqi. Foyenin və zalın divarlarını bir müddət əvvəl fərdi sərgisi keçirilmiş tamaşanın rəssamının rəsmləri bəzəyirdi.

Beləliklə, tamaşa başlandı və özü haqqında təxmini bu qənaəti yaratdı: hamımız - sizli, bizli hər kəs sadəcə var-gəl edirik. Yeni səhnə əsərinin qeyri-adi təəssüratlarından biri ilk dəqiqələrin bütünlükdə tamaşanın məna yükünün yozumuna hesablanması idi. Bu yorucuyüklü (tələskən tamaşaçı prizmasından) yanaşma sonrakı hissənin bitkinliyinə hesablanmışdı. Bu istisna həssas tamaşaçıları bir az da sevindirdi və səhnəyə həvəsləndirdi. Əlavə edim ki, teatrın yeni heyətinin ərsəyə gətirdiyi nümunələr arasında bu işi ən baxımlı və ən əsası ideya yüklü, sətiraltı məna çalarlı saymaq olar. Səhnə əsərində hər hansı sözlü, ya da sözsüz replika, səs və musiqi effektləri, hərəkətlər, tərəf-müqabillərin münasibətləri bir harmoniya halında idi. Kimsə hər hansı məqamı ayırd etməkdə, nəticəyə nail olmaqda nə çətinlik çəkir, nə də rabitə qırıqlığı yaşayırdı.

Ümumilikdə, “Ora-burainsan taleləri, münasibətləri və xatirələr haqqında ballada, bitkin sözdür. Həyat iritutumlu avtobus, biz insanlar isə hər gün o avtobusa minib mənzil başına çatanya çatmayan sərnişinlərik. Dayanacaqlarda dəyişən, avtobusu vaxtlı-vaxtsız tərk edənlər və etməyənlər toplusuyuq. Demək, ilk çağırışda - “ey sən, hara getdiyini ya bilmirsən, ya da bilmək istəmirsən, buna ağlın yetməz”də hər şey öz izahını tapdı...

Səhnə əsəri avtobus dayanacağının təsviri ilə başlayır. İki kişibir gənc qadın əllərində çamadan səbirsizliklə avtobus gözləyir, tələskənliklə var-gəl edirlər. Birdən dayanacaqda casus peyda olur, gözəl və cazibədar gənc qadınla xəyali erotik səhnə yaşayır. Bu ani yaşantı, yəni izahlı-izahsız mənzərə insanın dünyasındakı ayrı mənin gizli, gözəl və elə bir o qədər də axmaq arzularını ideal biçimdə göstərə bilir. Avtobusun yubanması ilə başqa bir məqam, alt qatdakı daha ağır etiraflar dillənir: bu iki sərnişin çamadanlarında özləri ilə götürdükləri keçmişlərinin, duyum və dünyagörüşlərinin, arzu və istəklərinin qol-qanad açmasına şərait yaradır, onlara özlərinin əslində ustalıqla gizlənqaç oynayan ruh hallarını göstərməyə kömək edirlər.

Qəhrəmanların seçimi də maraqlı və bir o qədər də təzadlıdır. Məsələn, personajlardan biri sirk artisti, daim öz içində gizlənən, ağladığı halda belə gülüş paylamağa məhkum oyunçu, uğursuz təbəssüm qəhrəmanıdır. O, tələm-tələsik çamadanını açarkən oradan təsadüfən bir foto, uzaq keçmişdən ilişib qalan bir təsvir çıxır. Bununla da artistin xatirələri ayaq tutub yeriyir, ətə-qana gəlir. İlahi, keçmiş hər zaman necə də əziz və şirindir. Artist öz həmkarları ilə necə də mehriban həyat və yaradıcılıq yolu keçib, uğurlu sənət taleyi yaşayıb (!) deyə əzizlənən təsvirə inanırıq...

Sonra bir fotoqraf peyda oluronlara doğru yaxınlaşır. Fotoqrafı ilk görən də məhz o olur. Sonra birlikdə şəkil çəkdirirlər. Digər ikisi gülümsəyərək xoşbəxtlik yalanları danışsa da, hər zaman oynamağa məhkum sirk artistinin üzündəki kədər ifadəsi dəyişmir. Elə buna görə də dayanacaq yoldaşlarına öz təsvirini kəsərək verir.

Üçlüyün ikinci qəhrəmanı vicdanlı məmurdur. Onun xatirələrinin canlanmasına çamadanındakı telefonun səsi təkan verir. Tamaşaçılar onun rüşvət və tanışlıqlara məhəl qoymadan, sözdə deyil, işdə xalqa xidmət edən məmur keçmişindən agah olurlar. Lakin günlərin bir günü belə dürüstlük kiməsə sərf eləmir, qara telefon aparatı (bu halda onun yalnız dəstəyi) səslənir və... məmur işdən kənarlaşdırılır. Bu da yaxşı insan olmaq barədə mifləri parçalayır, başqa bir siqnal ötürür.

Üçüncü personaj isə birləşdirici, hərəkətverici qüvvəyə malik qadın, fatasız gəlinlikdə olan divanə hallı gənc xanımdır. Təsadüfən çamadanından fatasının düşməyi səhnə əsərinin ən təsirli, ən kövrək epizodunun başlanğıcı olur. Qadın nəql edir ki, toy günü nikah mərasimindən sonra nişanlısı ilə birgə avtomobil qəzasına düşüblər, nişanlısı həlak olub. Onun bütün gözəl arzuları yarıda qırılıb, avtomobilin təkərləri altında əzilib, sınıb-dağılıb...

Bu əhval, ruh halını ustalıqla dəyişən sürətli keçid, kövrək səhnə gecikən avtobusun gəlib çıxması ilə yarıda qalır. Onlar çoxdan gözlənən qonağa bənzəyən avtobusa qaçışırlar və ora-bura yola düşürlər. Çamadanları isə dayanacaqda qalır. İçində saxladıqları, qoruduqları və bəlkə də imtina etmək, canlarını qurtarmaq istədikləri keçmiş yüklü bu ağırlıqdan, xatirələr yükündən bilib-bilmədən qurtulur və özlərinə də bəlli olmayan yeni dayanacaqlara, yeni xatirələrə və yeni istiqamətlərə tələsirlər...

 

Həmidə

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 6.