Taras Şevçenkonun 200 illiyi Bakıda qeyd edildi

 

Aprelin 24-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Dövlət Mahnı Teatrında görkəmli Ukrayna şairi Taras Şevçenkonun 200 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli böyük ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi: “Taras Şevçenko qısa ömrü ərzində yüzilliklərə, minilliklərə sığmayan azadlıq ideyasını qəhrəmancasına tərənnüm edən böyük şairdir. O, təkcə Ukrayna xalqının şairi deyil, dünya ədəbiyyatına, dünya xalqlarına məxsus böyük şəxsiyyətdir”.

Şöbə müdiri şairin əsərlərinin yüksək bədii zövqfikir aydınlığı ilə seçildiyini vurğuladı, mədəniyyətə və ədəbiyyata böyük hörmət bəsləyən Azərbaycan xalqının Taras Şevçenkonun 200 illik yubileyini geniş şəkildə qeyd etdiyini dedi.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Ukrayna ədəbiyyatına və mədəniyyətinə olan diqqətə, həmçinin çətin günlərdə ölkələrinin yanında olduğuna görə Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirdi. Taras Şevçenkonun yaradıcılığından danışan səfir onun əsərlərinin dünyəvi ideyalarla zəngin olduğunu vurğuladı. Diplomat iki ölkə arasındakı mədəni əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək, bu əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini qeyd etdi.

Ukrayna səfirinə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş Taras Şevçenkonun əsərlərindən ibarət kitab təqdim olundu.

Tanınmış şair, tərcüməçi Abbas Abdulla çıxış edərək Taras Şevçenkonun təbliğ etdiyi dünyəvi ideyalardan danışdı. Bildirdi ki, Azərbaycan ədəbi mühiti hələ ötən əsrin əvvəllərində şairin yaradıcılığı ilə tanış idi, 1914-cü ildə onun 100 illiyi ölkəmizin ədəbi mühitində qeyd olunmuşdu.

Tədbir Ukrayna musiqilərindən ibarət ədəbi-bədii və musiqili kompozisiyalarla davam etdi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 2.