Azərbaycan kitabları Budapeştdə

 

Beynəlxalq kitab festivalının ilk günündən ölkəmizin stendi böyük maraq doğurub

 

Aprelin 24-də Macarıstanın paytaxtı Budapeştdə XXI Beynəlxalq Kitab Festivalı açılıb. Kitab bayramında ölkəmiz də təmsil olunur. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və nazirliyin mətbuat katibi İntiqam Hümbətov iştirak edir.

Azərbaycan stendində ölkəmizdə nəşriyyat-poliqrafiya sahəsinin və kitab sənətinin inkişafını nümayiş etdirən çap məhsulları yer alıb. Ziyarətçilərə dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə dair, həmçinin ölkəmizin turizm imkanlarını təbliğ edən Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəfis tərtibatlı kitablar təqdim edilir.

Kitab festivalının rəsmi açılışından sonra ilk dəqiqələrdən stendimizə böyük maraq göstərilib. Yerli kitabsevərlərin, xarici qonaqların diqqətini nəfis tərtibatlı nəşrlər, milli mətbəximiz, turizm bölgələrimiz, Qarabağ haqqında kitablar xüsusilə cəlb edib. Ziyarətçilərə Azərbaycan kitabpoliqrafiya işinin inkişafı, bu sahədə əldə olunan nailiyyətlər, eləcə də Bakıda ənənəvi olaraq keçirilən beynəlxalq kitab sərgi-yarmarkası haqqında, ümumilikdə ölkəmizin inkişafı, respublikamızda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verilib. 2015-ci ildə Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunları barədə məlumatlar, tanıtım nəşrləri xüsusilə böyük maraqla qarşılanıb.

Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr də stendimizlə yaxından tanış olublar.

Sərginin ilk günü yaddaqalan tədbirlərdən biri Türkiyənin təşkil etdiyi təqdimat olub. Qardaş ölkə kitab festivalının fəxri qonağıdır. Təqdimatda Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik çıxış edib. Türkiyə guşəsi sərgi salonunda 150 kvadratmetrlik sahəni əhatə edir. Burada türk kitab sənətinin zəngin tarixi geniş şəkildə nümayiş olunur.

Sərgiyə 20-dək ölkədən nəşriyyat, kitab evi və qurumların təmsilçiləri qatılıb. XXI Budapeşt Beynəlxalq Kitab Festivalı aprelin 27-dək davam edəcək.

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 2.