Xarakterlər ustasının yubiley gecəsi

 

Aprelin 24-də Akademik Milli Dram Teatrında Azərbaycan teatrkino sənətinin görkəmli nümayəndələrindən biri, xarakterlər ustası, rejissor Rza Təhmasibin 120 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Milli Dram Teatrı və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən tədbiri Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə açdı: “Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyorrejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatrkinomuzun inkişafına xidmətdə keçmişdir”.

Qeyd olundu ki, görkəmli aktyorun yaratdığı İsgəndər (“Ölülər”), İblisArif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”), Qacar (“Ağa Məhəmməd Şah Qacar”), Süleyman (“Həyat”) və s. rolları klassik teatrımızın ən layiqli sənət nümunələrindəndir. Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük rəğbəti olub. Dəfələrlə bu nəhəng dramaturqun əsərlərini səhnəyə qoyub, müxtəlif rolları ifa edib. Rejissor kimi ilk müstəqil işi isə Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri olub: “Ölülər” onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri idi”.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətov da sənətkarı xatirələrlə andı. İstər ali təhsil dövründə, istərsə də sənətdə ümumiyyətlə, yaradıcılığında Rza Təhmasibin timsalında bir sıra sənətkarlardan bəhrələndiyini və onları daim minnətdarlıqla andığını bildirdi.

Əməkdar incəsənət xadimi Fikrət Sultanov, xalq artistləri Rafiq Əzimov, Ramiz Novruz çıxış edərək görkəmli mədəniyyət xadimi barədə xatirələrini dilə gətirdilər. Onun özündən sonra aktyorrejissor nəslinin yetişməsindəki əməyindən, ustad pedaqoqluğundan danışdılar.

Gecədə Rza Təhmasibin rejissoru olduğu “Arşın mal alan” (1945), “Onu bağışlamaq olarmı?” bədii filmlərindən, çəkildiyi “Qanun naminə”, “Bakıda küləklər əsir”, “Ən vacib müsahibə” filmlərindən fraqmentlər, H.Cavidinİblis”, C.Cabbarlının “Aydın” əsərlərinin tamaşasından parçalar nümayiş etdirildi. Əməkdar artist Anar Şuşalı “Arşın mal alan” filmindən Əsgərin, Əməkdar artist Nərgiz Kərimova Gülçöhrənin ariyasını, Elnur ZeynalovKor ərəbin mahnısı”nı, Əməkdar artist Arzu Əliyeva “Azad bir quşdum” mahnısını oxudular. Xalq artisti Ramiz Novruz H.Cavidinİblis” tamaşasından “İblisin monoloqunu”, Əməkdar artist Ayşad Məmmədov C.Cabbarlının “Aydın” tamaşasından Aydının monoloqunu ifa etdilər.

Sonda çıxış edən Aliyə Təhmasib ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Sənətkarın xatirə işığına toplaşanlara xoş arzularını çatdırdı.

 

Həmidə

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 5.