Həyatın musiqili anları

 

Xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyi qeyd edildi

 

Aprelin 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Xalq artisti, musiqi sənətimizin tanınmış nümayəndəsi Tofiq Əhmədovun 90 illiyinə həsr edilən tədbir keçirildi. Sarayın foyesində Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən sənətkarın ömür yolunu əks etdirən fotosərgi təşkil edilmişdi.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yubiley gecəsində çıxış edərək Tofiq Əhmədovun həyat və yaradıcılığından danışdı. Mərasimin Prezident İlham Əliyevin 2014-cü il 17 fevral tarixli sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Tofiq Əhmədov Azərbaycan Dövlət Konservatoriyasında klarnet ixtisası üzrə təhsil alıb. İlk olaraq Moskvanın caz qruplarında fəaliyyət göstərib. Qısa zaman kəsiyində Moskvada tanınmış mütəxəssislərin, dinləyicilərin rəğbətini qazanıb, ümumittifaq caz orkestrinə dəvət alıb.

Bir müddət sonra onun sənətkarlığının səsi-sorağı doğma Azərbaycanda da eşidilir. Tofiq Əhmədov 1955-ci ildə Bakıya dönür və Azərbaycan TeleviziyaRadio Verilişləri Komitəsinin nəzdində fəaliyyət göstərən estrada simfonik orkestrinin əsasını qoyurömrünün sonunadək bu kollektivə rəhbərlik edir. O, görkəmli bəstəkarlarımız Qara Qarayevi, Fikrət Əmirovu, Cahangir Cahangirovu, Tofiq Quliyevi, Xəyyam Mirzəzadəni yeni yaranmış kollektivlə əməkdaşlığa cəlb edib. Eyni zamanda Müslüm Maqomayev, Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova, Yalçın Rzazadə, Oqtay Ağayev, İlhamə Quliyeva kimi tanınmış sənətkarlar bu kollektiv ilə uzun illər televiziyada və respublikanın müxtəlif konsert salonlarında çıxış ediblər.

60-cı illərdə görkəmli sənətkar rəhbərlik etdiyi orkestr ilə Azərbaycanı və SSRİ-ni onun hüdudlarından kənarda təmsil edib. İki dəfə beynəlxalq müsabiqədən vətənə qızıl medalla dönüb.

Tofiq Əhmədov 1981-ci ildə vəfat edib. 2010-cu ildə “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən estrada simfonik orkestrinə sənətkarın adı verilib.

Yubiley gecəsində tanınmış ifaçılar Tofiq Əhmədovun və digər bəstəkarlarımızın əsərlərini səsləndirdilər. Musiqiçiləri Allahyar Vəzirovun dirijorluğu ilə Tofiq Əhmədov adına estrada simfonik orkestri müşayiət etdi.

Sonda sənətkara həsr olunmuş slayd nümayiş olundu.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 6.