Azərbaycanda “Şekspir ili” başlandı

 

Britaniya Şurası il ərzində bu çərçivədə silsilə tədbirlər keçirəcək

 

Bu il dahi ingilis dramaturqu Uilyam Şekspirin 450 illik yubileyi bütün dünyada qeyd olunur. Əsrlər keçməsinə baxmayaraq, Şekspir bu gün də Britaniyanın ən mühüm mədəniyyət elçisi hesab olunur. Britaniya Şurasının (British Council) Azərbaycandakı nümayəndəliyi bu yubiley münasibətilə ölkəmizdə “Şekspir ilielan edib. İl ərzində bu çərçivədə silsilə tədbirlər keçiriləcək.

Aprelin 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Şekspir ilinin açılış mərasimi oldu. Tədbirdə Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq, Britaniya Şurasının Azərbaycan nümayəndəsi Elizabet Vayt, respublikanın mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Azərbaycan dilində açılış nitqi söyləyən Elizabet Vayt tədbirin təşkilinə verilən dəstəyə görə Britaniya Şurası adından muzeyin direktoru Çingiz Fərzəliyevə təşəkkürünü bildirdi: “Şekspirin yubileyi təkcə ingilislər üçün deyil, bütün dünya üçün vacibdir. Teatrlarda, muzeylərdə, məktəblərdə, kitabxanalarda və hətta ticarət mərkəzlərində bu yubileyi keçirəcəyik. Layihənin məqsədi Azərbaycanda Şekspir irsinin təbliği, insanlara dahi yazıçının həyat və yaradıcılığı, əsərləri haqqında məlumat vermək və onları ingilis ədəbiyyatının ən tanınmış nümayəndəsi ilə tanış etməkdir”.

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq isə böyük şair-dramaturqun irsinin bütün dünya üçün əhəmiyyətli olduğunu diqqətə çatdırdı, onun həyat və yaradıcılığı barədə danışdı: “Uilyam Şekspir dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifidir. O, 1564-cü ildə İngiltərənin Stratford şəhərində anadan olub. 1585-1592-ci illərdə Londonda yaşayıb. Londonda aktyor, yazıçı və teatr şirkətinin təsisçilərindən biri kimi fəaliyyət göstərib. Əsərlərinin əksəriyyətini 1590-1612-ci illərdə yazıb. O həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edə bilən nadir dramaturqlardan sayılır. "Hamlet", "Otello", "RomeoCülyetta", "Maqbet", "Kral Lir" kimi əsərləri dünya ədəbiyyatının inciləri sırasındadır. Şekspirin süjet, diljanr müxtəlifliyi ilə biri-birindən seçilən əsərləri Avropa teatr sənətinin və ədəbiyyatının inkişafına misilsiz dərəcədə təsir göstərib. Qələmə aldığı dramlarda yaratdığı rəngarəng insan obrazları o dövr Avropa ədəbiyyatında geniş yayılmış cansız və yeknəsəq personajdaha dəqiq desək, prototiplərlə zəngin əsərləri kölgədə qoyur. O, 1613-cü ildə doğma şəhəri Stratforda qayıdıb və üç il sonra vəfat edib”.

Səfir onu da bildirdi ki, ingilis ədəbiyyatına yeni sözlərin gətirilməsində Şekspirin böyük rolu olub: “Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub, dramları dünyanın əksər teatrlarında tamaşaya qoyulub. Məqsədimiz il ərzində keçirəcəyimiz genişmiqyaslı tədbirlərlə Şekspiri yenidən təbliğ etməkdir”.

Sonra üzərində Şekspirin portireti olan tort kəsildi və tədbirin bədii hissəsi başlandı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında “RomeoCülyetta” əsərindən nümayiş etdirilən parça da tədbirin maraqlı anlarından idi. Beləliklə, Azərbaycanda “Şekspir ili” başlandı.

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 7.