«Gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi»

 

Azərbaycan Turizm İnstitutunda 22 aprel - Beynəlxalq Yer Günü münasibətilə «Gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi» mövzusunda dəyirmi masa keçirilib. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Turizm İnstitutu Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən «Ekoklub»un təşkilatçılığı ilə baş tutub.

Rektor Cəfər Cəfərov dəyirmi masada mövzunun aktuallığını vurğulayıb: “Təbiətə biganəlik insanın özünə biganəlikdir. Bu baxımdan ekoloji tərbiyə vacib şərt sayılır. Hesab edirəm ki, dəyirmi masa tələbələrimiz üçün faydalı olacaq».

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji təbliğat şöbəsinin müdiri Amil Şəfiyev ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s. barədə danışıb, tələbələrin suallarını cavablandırıb.

Sonda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının yeniyetmə və gənclər arasında idman dırmanması üzrə keçirdiyi «Ümid» yarışının qalibləri olan ATİ tələbələrinə diplomlar təqdim edilib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 9.