Dağlar qoynunda Səngər qala

 

Ölkəmizin dilbər guşələrindən biri olan, yamyaşıl meşələr, səfalı dağlarla əhatələnən, təmiz havası, saf sulu bulaqları ilə tanınan Qax rayonunun, digər yaşayış məntəqələri kimi, İlisu kəndinin də təbii gözəllikləri görənləri heyran edir. Bu yerlərin turizm potensialı olduqca genişdir. İsti yay günlərində belə cənnətməkanlarda istirahət etmək hər kəsin istəyidir. Son illər Qax rayonuna gələn yerlixarici turistlərin sayının artması da bunu sübut edir.

 

Rayona gələn qonaqlar üçün yeni istirahət məkanları yaradılır. Belə məkanlardan biri də Səngər qala istirahət mərkəzində yerləşən eyniadlı hoteldir. Hotelin tikintisi yekunlaşsa da, hələ açılış mərasimi keçirilməyib. Bu günlərdə Qaxa səfərimiz zamanı yeni turizm obyekti ilə tanış olduq.

Milli memarlıq üslubunun elementləri ilə inşa olunan Səngər qala hoteli tarixi abidəni xatırladır. Hotelin adı buradakı Səngər bulağının adından götürülüb. Tikinti işlərinə 2011-ci ildən başlanılan hotel 7 mərtəbədən ibarətdir. Hotel gözoxşayan xaricidaxili dizaynda, fərqli bir üslubda inşa edilib. Birinci mərtəbədə qeyd-qəbul və digər inzibati otaqlar yerləşir. Yeddinci mərtəbədə hər tərəfi ətraf dağ və meşə mənzərəsinə açılan restoran var. Qalan 5 mərtəbədə isə nömrələrdir. Hoteldə xidmət çeşidlərinə görə fərqlənən ümumilikdə 38 nömrə var. Hər bir nömrədə qonaqların rahat istirahəti üçün standartlara cavab verən şərait yaradılıb. Nömrələr kondisioner sistemi, birbaşa çıxışlı telefon şəbəkəsi, simsiz internet şəbəkəsi və s. lazımi imkanlarla təmin edilib. Hoteldə millidünya mətbəxinin gözəl təamlarını dadmaq mümkün olacaq.

Hotel binası kənardan qədim tikilini xatırladır. Hotelin birinci mərtəbəsinə girişi insanın gözləri önünə tarixi bir mənzərəni canlandırır. Burada xalqımızın qədim döyüş ənənələrini göstərən silahlardan tutmuş incə naxışlarla işlədilmiş bəzək əşyalarını da görmək olar. Tarixi məkanda yerləşən hotelin digər mərtəbələrində də tarixi anları canlandıracaq əşyalar qoyulubdivarlarda müxtəlif elementlər yaradılıb.

Hotelin yerləşdiyi ərazi də binanın dizaynına uyğun qurulub. Dağlardan süzülüb gələn bulaq istirahət edənlərə təbiətin sərinliyini bəxş edir. Bir sözlə, burada isti yay günlərində gözəl istirahət etmək olar. Qiymətlər isə hotel tam istifadəyə veriləndən sonra məlum olacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 6 avqust.- S. 11.