İstanbulda Cahangir Novruzovun 60 illik yubileyi qeyd olunub

 

İstanbulda tanınmış azərbaycanlı aktyor rejissor, Əməkdar incəsənət xadimi, professor Cahangir Novruzovun 60 illik yubileyi qeyd olunub. Ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalovun da iştirak etdiyi tədbirə görkəmli mədəniyyət xadimləri, elm təhsil adamları, şəhər ictimaiyyətinin tanınmış simaları qatılıblar.

Mərasimdə yubilyarın mənalı ömür yolundan, Türkiyədə Azərbaycan mədəniyyətini fəal şəkildə təmsil etməsindən, sənətkarın anası, Xalq artisti Nəsibə Zeynalovanın teatr sənətimizin inkişafında xidmətlərindən söz açılıb.

Vurğulanıb ki, Azərbaycanı qardaş ölkədə ləyaqətlə təmsil edən Cahangir Novruzov burada mədəni-siyasi tədbirlərdə yaxından iştirak edir, Azərbaycan Türkiyə mədəniyyətinin inkişafına töhfələr verir.

Qeyd edilib ki, hazırda Türkiyənin Adana şəhərindəki Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışan professor Cahangir Novruzov 2011-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına, 2014-cü ildə TÜRKSOY-un “20 illik medalı”na layiq görünüb. Yubiley rəngarəng konsert proqramı ilə davam etdirilib.

 

Mədəniyyət.- 2014.- 6 avqust.- S. 5.