Bir neçə “uzun illər...”

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunan yubileylər

 

Məmməd Arif - 110

 

Və bunların hamısı əlli altı illik yaradıcı ömür içində…

 

Qeyri-adi qabiliyyətinə rəğmən ayrı-ayrı dövrlərdə bir neçə , vəzifə və rəhbərliklərə cəlb edilməsilə “əvəzolunmaz adam yoxdurneo-eqomuzun əbəs olduğunu isbatlamış fenomenzadə...

Bütöv şəxsiyyəti, xəlqi ağsaqqallığıyla məlum “alim olmaq asandır...” deyimimizi ikinci tərəfilə “tərəf-müqabil”ləşdirmiş əsilzadə...

Günü bu gün də - vəfatından qırx il sonra da - elitar aləmin “M.A.D.” inisialından dərhal tanıdığı məşhurzadə...

 

Müasirlərinin “ədəbi tənqidimizin vicdanı” (S.Vurğun), “...tərcümə sahəmizdəki fəaliyyətlərin tacı” (M.İbrahimov), “müasir ədəbiyyatşünaslığımızı məhəlli məhdudluq bəlasından azad edən” (R.Rza), “Azərbaycan ədəbiyyatşünaslığının canlı klassiki” (Y.Petrovski), “Əsrin milli tənqidinin ən yüksək zirvəsi” (Ş.Salmanov) kimi dəyərləndirdikləri Məmməd Arif Dadaşzadə...

Bəs, ədəbiyyata, ədəbiyyatşünaslığa, böyük ədəbi simalara, milli mədəniyyət, maarif və mənəviyyata dair neçə-neçə qalın (və qalan!) kitabları ilə tanınmış, elə həmin say və həcmdə monoqrafiya, oçerk, məqalə və verilişlərlə tanıdılmış, nəhayət, ölkə Prezidenti İlham Əliyevin 15 aprel 2014-cü il tarixli sərəncamı ilə 110 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması şərəfinə layiq görülmüş bu millimiqyas şəxsiyyət, elm-irfan palıdı barədə bir qəzet səhifəsində nə və necə yazmalı ki, mətləb-mövzunun “dəymişi dura-dura, kalı tökülməsin”?..

Hə, deməli, bu yazı başıma girəli beynimi saran bu sual eynimə belə bir şüarvari nida da salıb: jurnalistlərçün çətinlik törədən yazı qəhrəmanlarına eşq olsun!

Bu məşhur ədəbiyyatşünas-alimə, 30-40 illik bir dövrün ağır-uğur ictimai xadiminə məxsus ad və titulların ən əsasını lap sonda - özübaş hərflərli - ilk yarımbaşlıq edəcəyəm: nasir, pedaqoq, tərcüməçi, ədəbiyyatşünas, Yazıçılar İttifaqının (Birliyinin) üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik və -

 

TƏNQİDÇİ

 

Öncə bu seçdirməmə müxtəsərcə bir “tənqidi” münasibət. Məsələ burasındadır ki, bu görəv - yəni tənqidçilik saysız peşə, sənət, ixtisas, vəzifə “bank”ımızdakılarla müqayisədə - kütləvi təfəkkürümüzə hələ də öz dəyərincə oturuşmayıb. Amma (və əlbəttə!) təəssüf. Nədən ki, biz böyük ədəbiyyat və sənət əsərlərindəki ecazların əksər “nədən-niyə”lərini məhz onların gözü, fəhmi, əqli ilə görür, anlayır, dərk edirik. Məsələn, M.A.Dadaşzadənin çox aydınca incələdiyi təhlil-təfsiri olmasaydı, ötən əsrin 60-70-ci illərində səhnələrdə tez-tez səslənən “Nə bağırırsan, xalq?! Varındır (yəni aktrisan), ver, yoxundur - sus, öl!..” ittihamına görə, dildə yaman, könüldə yanan Oqtay Eloğlunun, nəticə etibarilə isə - yaşca gənc, başca müdrik Cəfər Cabbarlının əğyarları yarlarından çox olardı. Yaxud, bir qədər bərilərdən - xeyli inkişaf etdiyimiz intellektual dövrümüzdə çəkilmiş “Yeddi oğul istərəm” filmindən bir “şəkil”. Qəbiristanlıq epizodunda Gəray bəyin komsomolçuların başçısı Bəxtiyara dediyi “...gədə-güdələrini də götür, rədd ol buralardan!” təhqir-təhdidinə niyə məhz “Gədə özünsən!” - deyə Cəlalın dillənməsinə təəccüblənib-təlatümlənən sovet tamaşaçılarını ertəsi günlər mətbuatda yenə elə tənqidçilər sakitləşdirdilər (xeyli “dolayısı”lıqlarla olsa da): “Çünki Cəlal mənşəcə bəy idi”...

Elə əslən qədim Xızı elatının bu günehtiramla yad edilən Bəylik adlı ərazisindən olan, 1904-cü ilin iyununda Bakıda doğulan, şanlı-şöhrətli karyerasına 16 yaşında ikən S.S.Axundovun direktor olduğu məktəbdə müəllimliklə başlayan Məmməd Arifin də zatında-kökündə -

 

Bir bəyzadə varmış...

 

Ki, illərlə müxtəlif məqam-məkanlarda leqalya yarımleqal hiss edilən bu xislət 1950-ci ildə özünü tam büruzə verir. Belə ki, o, görkəmli filosof, əsl milli-ictimai xadim Heydər Hüseynova qarşı müti-mütəşəkkil qarayaxma kampaniyasında iştirak etməkdən faktiki olaraq boyun qaçırır, rəsmi “post”anə tələblərə, “dostyana him-cimlərə bənd olmadan, “i həmin şəxsiyyətin öz şah damarını kəsib intihar etməsilə nəticələyən şəxsciyəzlərin əl-əl gəzdirdiyi siyahıya qol qoymur. Və... bu milli-əxlaqi cəsarətindən yana Azərbaycan KP MK-nın I katibi Mircəfər Bağırovun qəzəbinə düçar olan Məmməd Arif Dadaşzadə Ədəbiyyat və Dil İnstitutunun direktoru vəzifəsindən, ADU (BDU)-nunRus ədəbiyyatı” kafedrasının müdirliyindən, Kommunist Partiyası və Yazıçılar İttifaqı üzvlüklərindən xaric edilir. O vaxtadək, məcburi siyasi ideologiya məhkumlarından biri kimi, keçmişin qəddar üsul-idarələrini, xan-bəy rəftarlarını ifşa edən əsərləri təqdirləyən neçə-neçə kitab, oçerk və məqalələr yazmış bu ziyalı alim aylarla ev dustağı edilir...

 

Və günlər gəlir ki...

 

Stalinlik, Mircəfərlik ay-ulduzları batandan sonra gəlir o günlər. Hələ 12 yaşından “Xızılı Məhəmməd Bağır”, “Məğmun Xızılı” imzalarıyla yazdığı gözəl publisistik materiallar, “Molla Nəsrəddin” jurnalında çap etdirdiyi problematik felyetonlarla məşhurlaşan, 26 yaşından Azərbaycan maarif nazirinin müavini (1930-1940), “Vətən uğrunda” (sonrakı “İnqilab və mədəniyyət”, indiki “Azərbaycan”) jurnalının baş redaktoru, sonralar Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrinə layiq bilinən bu ensiklopedik təfəkkür sahibi, nəhayət, özünü əsasən ədəbiyyatşünaslıq aləminə həsr edir.

1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilir. Humanitar elmlər sahəsində bir sıra fundamental tədqiqatların, miqyaslı elmi simpozium və konfransların, böyük ədiblərimizin yubiley tədbirlərinin təntənəli təşkilində xüsusi xidmətlər göstərir. Onun təşəbbüsü və səyləri nəticəsində uzun illər Ədəbiyyat və Dil İnstitutu kimi fəaliyyət göstərən elm ocağı müstəqil Ədəbiyyat İnstitutu statusunu alır.

SSRİ Elmlər Akademiyasının “Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları” problemi üzrə Elmi Şurasının, Moskvada çap edilən “Qısa ədəbiyyat ensiklopediyası”nın redaksiya heyətinin, 6 cildlik “Çoxmillətli sovet ədəbiyyatı tarixinin baş redaksiya heyətinin üzvü, Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin sədri, uzun illər boyu Azərbaycan EA “Xəbərləri”nin baş redaktoru, Zaqafqaziya xalqlarının Mədəni Əlaqələri üzrə Koordinasiya Şurasının rəhbəri, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü, “Tənqid” bölməsinin rəhbəri olur.

Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin təşəkkülü və inkişafında müstəsna xidmətləri olmuş M.A.Dadaşzadənin tədqiqat obyektiçox geniş olub: Azərbaycan, rusdünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir ədəbi proses, ədəbi-mədəni əlaqələr və s. 1956-cı ildə çap etdirdiyi “Cəfər Cabbarlının yaradıcılıq yolufundamental monoqrafiyası müəllifə qeyri-rəsmi bir ad - “fundamental cabbarlışünas-alim” nüfuzu, “Səməd Vurğunun dramaturgiyası” monoqrafiyası, habelə müştərək müəlliflərindən və baş redaktorlarından olduğu 2 cildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabları isə “öndər tədqiqatçı” imici qazandırır.

Alimin “Azərbaycan xalqının ədəbiyyatı” kitabı rus, ingilis, fars, bolqar və digər dillərdə də işıq üzü görmüş, “Ədəbi-tənqidi məqalələr”, Azərbaycan (üç cilddə) və rus dilində (iki cilddə) “Seçilmiş əsərləri”, “Sənətkar qocalmır” və digər kitabları bir çox xalqların elmi və ədəbi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilmişdir.

Ədəbiyyatşünas-alim Şamil Salmanov onun ədəbiyyat tarixinin sistemləşdirilməsi işindəki fəaliyyətini belə qiymətləndirir: “O, F.Köçərlidən sonra yeganə şəxsiyyətdir ki, Azərbaycan ədəbiyyatı tarixinin ən əsas hadisə və meyilləri, inkişaf mərhələsi və qanunauyğunluqları ilə əhatə edən ədəbiyyat tarixi əsərinin müəllifidir”.

Sözün əsl mənasında ədəbiyyatşünaslıq məktəbi, tənqid və tənqidçilər məktəbi yaradan, mühafizəkarlıqdan uzaq bir tədqiqatçı və tənqidçi kimi, gənc ədəbi qüvvələri həmişə dəstəkləyən, sərbəst şeir yazan qələm sahiblərini ciddi düşünməyə, poeziyanın Azərbaycan dilnitq ritmi üçün yeni olan bu formasına ötəri moda kimi yanaşmamağa, ideyanı formaya qurban verməməyə, bütün ədəbi-bədii qələm əhlini əhəmiyyətli mövzular üzərində işləməyə və zəngin bədii obrazlar yaratmağa dəvət edən bu “köhnə” tənqidçinin Azərbaycan nəsrinin ovaxtkı əsas təmsilçiləri Sabir Əhmədov, AnarElçinin əsərlərinin incəliklərini açan məqalələri onun zövqünün həmişəmüasir olduğunu göstərən əlamətlərdən deyilmi?

Tədqiqat diapazonu milli məhdudiyyət tanımayan alim Ə.Nəvai, V.Şekspir, N.Qoqol, İ.Qonçarov, T.Şevçenko, A.N.Ostrovski, M.Saltıkov-Şedrin, İ.Franko, R.Taqorbaşqa görkəmli əcnəbi şair və yazıçıların əsərlərini də ciddi təhlillərə çəkmiş, “Vladimir Mayakovski”, “Qorki faşizm əleyhinə”, “Krılov və Azərbaycan ədəbiyyatı”, “Vissarion Belinski”, “Dahi rus şairi A.S.Puşkin”, “L.N.Tolstoy”, “Anton Pavloviç Çexov”, “M.V.Lomonosovrus ədəbiyyatı” və s. tədqiqatlarını ayrıca kitabça şəklində çap etdirmişdir. 1932-ci ildən başlayaraq şəxsən və ya H.Araslı, F.Qasımzadə, Ə.Sultanlı, M.Rəfili, C.Xəndan, P.Xəlilovla şərikli yazıb-yaratdığı ədəbiyyat dərslikləri də ki, son 60 il ərzində dönə-dönə çap olunub, məktəblərdə tədris edilmiş...

Başlıqdakı “uzun illər” ayağından yanaşsaq, uzun müddət SSRİ-İran cəmiyyəti sədrinin müavini, iki dəfə Bakı Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı və sədri olmuş, Əməkdar elm xadimi fəxri adı, “Qabaqcıl maarif xadimi” nişanı və müxtəlif medallarla təltif edilmiş, “Azərbaycan ədəbiyyatı tarixi” monoqrafiyasına görə Azərbaycan SSR dövlət mükafatına layiq görülmüş, Fəxri Xiyabanda dəfn olunmuş bu böyük aliminsan-Adam haqda -

 

Daha nə?..

 

...Əlbəttə, bu sual yuxarıdakına (bu qədər məşhur haqda nə və necə yazmalı “istixarəmə”) nisbətdə daha çox özümlükdür və cavabı nidalıq yox, müqəyyəd bir emosionallıq saçan üç nöqtəlikdir:

- Məmməd Arif Dadaşzadə - öz qadir qələmilə Azərbaycan ədəbiyyatşünaslığı təsərrüfatının Əkinçisi, zaman-zaman istinad edilmiş və ediləsi örnək-irsilə Biçinçisi, həmişəfəal elmi qənaətlərilə Xırmançısı...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2014.- 8 avqust.- S. 12.