50 ildir ki, tar mənimlədir
“Tar Azərbaycan
musiqisinin şah alətidir. Fəxr edirəm ki, mən
bu alətin ifaçısıyam”
Xalq artisti, ustad tarzən Möhlət
Müslümov avqust ayının 9-da 60 yaşını qeyd
edəcək. Uzun illərdir tar sənətimizə töhfələr
verən sənətkar həm solo ifaçı, həm də
müşayiətçi kimi tamaşaçıların,
musiqi ictimaiyyətinin sevgisini qazanıb. Tarzənin əməyi,
sənətə xidməti dövlətimiz tərəfindən
layiqincə qiymətləndirilib. Möhlət
Müslümov 2000-ci ildə respublikanın Əməkdar
artisti, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq
görülüb, Prezident mükafatçısıdır.
Yubilyarla ad günü ərəfəsində
söhbətimizi təqdim edirik.
- 60
yaşın zirvəsindən keçmişə boylananda nələri
xatırlayırsınız?
- Şagirdlikdən ustalığa gələn
böyük bir yol canlanır gözlərim önündə. Bu, çətin
və ağır bir yol olmaqla yanaşı, həm də
şərəfli yoldur. Asan, hamar yol
olmayıb. Sənətin bu zirvəsinə
böyük çətinliklərlə gəlib
çıxmışam. Amma,
şükürlər olsun ki, sənətimi dövlətimiz
də qiymətləndirib, xalqım da məni sevib dəyərləndirib.
Buna görə şərəf duyuram.
- Həmin
çətin yolda sizə arxa olan insanlar vardımı?
- Təbii
ki, ustadlarım olmasaydı, mən bu günə gəlib
çıxmazdım. Mənə ilk dəfə musiqi məktəbində
tar tutmağı öyrədən müəllimim Nadir
Hüseynov, Asəf Zeynallı adına Musiqi Texnikumunda və
Bakı Musiqi Akademiyasında mənə dərs deyən Məmmədağa
Kərimova minnətdar olmaqla yanaşı, sənətdə
idealım olan tarzənlər - görkəmli sənətkarlarımız
Əhsən Dadaşov, Həbib Bayramov, Hacı Xanməmmədov,
Əliağa Quliyev, Kamil Əhmədov, Əhməd
Bakıxanov və digərləri bu sənəti mənə
sevdirdilər. Musiqi Texnikumuna daxil
olmağımda Adil Gəray mənə kömək olub,
günlərlə məşqlərimə və hazırlıqlarıma
nəzarət edib. Əhməd
Bakıxanov, Səid Rüstəmov kimi sənətkarlar
qarşısında imtahan vermişəm. Bu
gün o insanları dərin ehtiramla xatırlayıram. Sənət yolumda xeyir-dualarını verən
unudulmaz bəstəkarlarımız Vasif Adıgözəlov,
Süleyman Ələsgərovun adını qeyd etməyi
özümə borc bilirəm.
- Sənətdə
uğurlar əldə edən insanlar bəzən deyirlər
ki, mən sənətə təsadüfi gəldim. Sizdə də belə oldu, yoxsa əvvəldən bu
sahəyə marağınız vardı?
- Sadə
bir ailəmiz olub. Anam evdar qadın olsa da,
çox savadlı idi. Əruz vəznində
olan ən qəliz qəzəlləri mənə təhlil
edirdi. Tarı mənə atam sevdirdi.
Bir vaxtlar onun da bu alətə böyük məhəbbəti
olub, muğamları yaxşı bilirdi. Evdə
milli musiqi ruhunda böyümüşəm. Mənim bütün musiqi alətlərinə
marağım vardı. 5 yaşım olanda
mənə nağara almışdılar, onda ifa edirdim.
Sonra mənə tar aldılar. O vaxt 10 yaşım vardı.
Beləliklə, artıq 50 ildir ki, tar mənimlədir.
- 50 il sizinlə birlikdə olan tarla keçdiyiniz
yola nəzər salaq...
- 40 ildir
ki, professional səhnədəyəm. Mən tara,
tar da mənə başucalığı gətirdi. Dünyanın 50-dən artıq ölkəsində
qastrol səfərində olmuşam. 200-dən
çox şəhərdə musiqimizi təbliğ etmişəm.
Tarın sayəsində artıq 20 ildir ki, “Azərbaycan
Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyətinin
Əhməd Bakıxanov adına xalq
çalğı alətləri ansamblının bədii rəhbəriyəm.
1975-ci ildən Azərbaycan Televiziyası və Radiosunun Səid
Rüstəmov adına xalq
çalğı alətləri orkestrinin, 1988-ci ildən
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
Cabbar Qaryağdıoğlu adına muğam üçlüyünün
solistiyəm. 1988-ci ildən Azərbaycan Dövlət
Konservatoriyasında müəllim, baş müəllim işləmişəm.
Hazırda Azərbaycan Milli Konservatoriyasının professoruyam,
Xalq artisti fəxri adına layiq
görülmüşəm. Məncə, sənətkar
üçün bundan böyük xoşbəxtlik, uğur ola bilməz. Fərəh hissi
duyuram ki, dövlətimiz muğam sənətimizi zirvələrə
qaldırıb. Tar ifaçılıq sənəti
UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi
irs üzrə reprezentativ siyahısı”na
daxil edilib. Bütün bunlar ilk növbədə
dövlətimizin bu sahəyə diqqət və qayğısı,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın səyləri sayəsində oldu. Xalq musiqisinə, demək olar ki, heç vaxt bu qədər
dəyər verilməmişdi. Tar Azərbaycan musiqisinin
şah alətidir. Fəxr edirəm ki, mən bu
alətin ifaçısıyam. Bu gün tar aləti
dünyanın böyük səhnələrindən Azərbaycana
məxsusluğunu qürurla sübut edir. Sənətkar
dövlətin qayğısını hiss edəndə bu ona
stimul verir. O, yaşamağa, yaratmağa var gücü ilə
çalışır. Mən bu gün də 30-40 il əvvəlki sənət eşqimlə
yaşayıram. Deyirlər ki, muğamı
yetkinləşmiş beyin qəbul edir. Bəlkə
də buna görə yaşım artdıqca sənətə
daha çox bağlanıram. Muğam
böyük bir dəryadır. 40 il sənətdə
olmağıma baxmayaraq, hələ də bu dəryada
özümü professional üzgüçü saymıram. Bir insan ömrü muğamı öyrənməyə
bəs etmir. Biz necə böyük
xalqıq ki, belə bir nemətimiz var. Muğam Azərbaycanın
böyüklüyünün, qədimliyinin simvoludur. Digər xalqlarda da muğam sənəti var. Amma bizdə
daha dərin, daha fəlsəfidir.
-
Deyirsiniz ki, bu gün də öyrənirsiniz. Amma
həm də öyrədirsiniz. Gənc tar
ifaçıları sizi qane edirmi?
- Gənc
ifaçılara rəğbətim var. Tələbələrimdən
ikisi artıq əməkdar artistdir. Bir çox
tələbələrim istedadlı və sənətdə
öz sözlərini deyə bilən ifaçılardır.
Uzun illərdir dərs verirəm və hər
gün tələbələrimə deyirəm ki, bu sənətə
dərindən bələd olun. İfaçı
ən qəliz muğamları da ifa etməyi
bacarmalıdır. Həm solist, həm də
müşayiətçi kimi öz işinin ustası
olmalıdır. Bilirəm deyib kifayətlənməməlidir.
Mənə də vaxtilə ustadlarım irad
tutub sənəti öyrədiblər, yol göstəriblər.
Tənqiddən də nəticə
çıxarmağı bacarmaq lazımdır. Gəncləri özünütənqidə
alışdırmaq lazımdır. Hazırda
sənətə böyük axın var. Bu da məni
sevindirir.
- Ad
gününüzü necə qeyd etməyi
planlaşdırırsınız?
-
Heç vaxt ad günümü təntənəli qeyd etməmişəm.
Ailəmlə birlikdə olmuşam. Yubiley ərəfəsində yaşanan son hadisələr,
cəbhə xəttindən gələn xəbərlər də
məni kövrəldib. Hələ
90-cı illərdə aylarla tarı əlimə
almadığım vaxtlar olub. Ən
böyük arzum qələbə xəbərini eşitmək
və yeddi muğamımızın hər birini, gündə
bir konsert olmaqla, Qarabağ torpaqlarında ifa etməkdir.
- Biz də
bu arzuya qoşulur və Sizi yubileyiniz münasibətilə təbrik
edirik.
* * *
Sənət dostlarının ürək
sözləri
Ustad sənətkarın müxtəlif beynəlxalq
festivallarda, müsabiqələrdə
çıxışları hər zaman rəğbətlə
qarşılanıb. Möhlət Müslümov Türkiyə, Fransa,
ABŞ, Kanada, İngiltərə, İtaliya, Belçika,
Macarıstan, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa,
və s. ölkələrdə, keçmiş SSRİ-nin
respublikalarında Azərbaycan musiqisinin parlaq
ifaçısı kimi alqışlanıb. İfaçının
sənət dostları 60 illik yubileyi münasibətilə ona
xoş sözlər ünvanladılar, arzularını
bildirdilər.
Xalq
artisti, tarzən Ağasəlim Abdullayev:
- Uzun illərdir
ki, Möhlətlə dostluq edirik. Bizim sənət
yolumuz birlikdə başlanıb. Sənətə
eyni vaxta gəlmişik. Bu gün 60
yaşını qeyd edir. Amma yenə də
gənclik dövrümüzdəki kimi sənətə
eşqi sönməyib. O, sənətinin aşiqidir. Azərbaycan muğamını, musiqisini hər zaman
layiqincə təmsil edən sənətkarlardandır. Bu gün Milli Konservatoriyada öz
davamçılarını yetişdirən sənətkarın
oğlu Rüstəm də atasının yolunu davam etdirir.
Uğurlarına sevinirəm. 60 yaşını təbrik edir, dostuma möhkəm
cansağlığı arzulayıram.
Xalq
artisti, xanəndə Mələkxanım Əyyubova:
- 30 ilə
yaxındır ki, Möhlət Müslümovu
tanıyıram. Bu müddətdə də
onunla dünya səhnələrində, respublikamızın
şəhər və rayonlarında konsertlərdə
musiqimizi təbliğ etmişik. O, böyük sənətkardır.
Öz dəst-xətti olan, məktəbini
yaradan bir ifaçıdır. Neçə
illərdir ki, yetirmələri bu məktəbin yolunu davam
etdirirlər. Hazırkı gənc ifaçıların
çalğısında Möhlət müəllimin dəst-xətti
hiss olunur. Tarın simlərini sanki onun
barmaqları deyil, ürəyi dilləndirir. Möhlət həm müəllimdir, həm də
dirijorluğu bacarır, solo ifası mükəmməldir,
böyük bir ansambla rəhbərlik edir. Böyük muğam dəstgahlarını onunla
çox rahat və inamlı ifa edirsən. O, dəstgahları
xanəndə qədər mükəmməl bilir. Gözəl ailə başçısı,
etibarlı dostdur. Mən ona
cansağlığı, uzun ömür arzulayıram. Xalqın sevimlisi olaraq neçə belə illər
yaşasın. Dövlətimizin
qayğısı hər zaman onun üzərində olub, bundan
sonra da böyük həvəslə yaşayıb
yaratsın.
Əməkdar
artist Vamiq Məmmədəliyev:
- Möhlət
Müslümov Azərbaycan tar ifaçılığı sənətində
öz sözünü demiş sənətkarlardandır. Uzun illər böyük bir ansambla rəhbərlik edən
tarzən eyni zamanda gənc və istedadlı tarzənlərin
yetişməsində öz əməyini əsirgəməyib.
Muğamlarımızın gözəl bilicisi
olmaqla yanaşı, bu sənətin gələcək nəsillərə
ötürülməsində bütün bilik və
bacarığını əsirgəməyən Möhlət
Müslumova cansağlığı arzulayır, həm şəxsi,
həm də sənət yolunda uğurlar diləyirəm.
Lalə Azəri
Mədəniyyət.- 2014.- 8
avqust.- S. 7.