İsmayıllı xarici qonaqların sevimli məkanıdır

 

Bu ilin 7 ayında rayona 44 minədək turist gəlib

 

Azərbaycanın turizm üçün əlverişli olan dilbər guşələrindən biri də İsmayıllı rayonudur. Rayonun dağlar qoynundakı Lahıc və Basqal kəndləri zəngin sənətkarlıq ənənələri, qədim abidələri ilə yerlixarici turistlərin xüsusilə rəğbətini cəlb edir.

 

İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasovun bildirdiyinə görə, Lahıc tarix-mədəniyyət qoruğu ərazisində 108, Basqalda isə 23 tarixi abidə mühafizə edilir. Şöbə müdiri deyir ki, rayon ərazisində çaylar, Qalacıq, Çayqovuşan, Brovdal, Müdrüsə kəndlərindəki füsunkar şəlalələr, göllər turistlərin maraq göstərdiyi məkanlardır. Sulut kəndindəki tarixi abidələrə də maraq böyükdür. İsmayıllıda turistləri cəlb edən məkanlardan biriBabadağ ziyarətgahıdır. Şöbə müdiri deyir ki, bir ay ərzində bu inanc yerini minlərlə insan ziyarət edir.

Həmsöhbətimizin sözlərinə görə, rayonda yeni istirahət mərkəzlərinin yaradılması istiqamətində ardıcıl işlər görülür. Hazırda İsmayıllıda 23 turizm istirahət mərkəzi, mehmanxanamehmana tipli obyekt fəaliyyət göstərir ki, bu məkanlarda ümumilikdə 1000-dən yuxarı yataq yerləri olmaqla turistlərin istirahəti üçün hər cür şərait yaradılıb: «Bu ilin ilk 7 ayı ərzində İsmayıllıya 43 min 350 nəfər turist gəlib. Bunun təxminən 25 faizini xarici turistlər təşkil edir. Lahıc qəsəbəsi hər il 15 min nəfərə yaxın insanın ziyarət etdiyi turizm mərkəzidir».

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Millenium Tourism Congress DMC» şirkətinin təşkilatçılığı ilə «Azərbaycanda yeni turist marşrutlarını kəşf edək!» infotur layihəsi əsasında «Qırxotaq əfsanəsi» və «Fit dağı əfsanəsi» adlı yeni turizm marşrutları açılıb.

Turizm obyektləri üçün peşəkar kadrların hazırlanması xüsusi diqqət mərkəzindədir. Hazırda İsmayıllıda fəaliyyət göstərən peşə tədris mərkəzində sektor üçün kadrlar hazırlanır.

 

F.Abdullayeva

 

Mədəniyyət.- 2014.- 8 avqust.- S. 5.