Azərbaycanla İran arasında əməkdaşlıq genişlənir

 

İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasının protokolunda mədəniyyət və turizmlə bağlı məsələlər də yer alıb

 

Avqustun 6-da Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclası keçirilib. İclasda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov da iştirak edib.

Komissiyanın toplantısında iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Sonda iclasın protokolu imzalanıb.

 

Azərbaycan və İrana üçüncü ölkələrdən turların təşkili

 

Sənədin mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair maddəsində bir sıra məsələlər yer alıb. Protokolun iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq proqramının imzalanmasına tərəflərin şərait yaradacağı vurğulanıb. Həmçinin Azərbaycan və İranın üçüncü ölkələrdən turların təşkil edilməsinə dair razılığa gəldiyi qeyd edilib. İran tərəfi kruiz turları və sağlamlıq turizminin təşkili məsələsini Azərbaycan tərəfindən baxılması üçün təklif edib.

 

Naxçıvanla sərhəddə viza rejimi sadələşdirilir

 

Azərbaycan və İran hökuməti İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına girişi üçün birdəfəlik vizanın (30 gün müddətinə) tətbiq edilməsi haqqında razılığa gəliblər. Əməkdaşlıq komissiyasının həmsədri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iclasın yekunlarından danışarkən bu barədə məlumat verib. Qərar hökumətlərarası iclasın yekun protokolunda əksini tapıb.

Viza Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində, Sədərək, Şahtaxtı və Culfa sərhəd-buraxılış məntəqələrində rəsmiləşdiriləcək. Vizanın qiyməti 10 avrodur. Xatırladaq ki, Milli Məclis 2012-ci ildə iki ölkənin sərhədyanı rayonlarında yaşayan vətəndaşların sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumu ləğv edib. Memorandum iki dövlət arasındakı sərhəd xəttindən hər iki tərəfə 45 km enində yerləşən sərhədyanı rayonlarda yaşayan tərəflərin dövlətlərinin vətəndaşlarına şamil edilirdi.

Nazir deyib ki, memorandum Azərbaycan və İranın sərhədyanı rayonlarında iqtisadi, o cümlədən turizm münasibətlərinin inkişafına kömək edib: “Biz Azərbaycana bu memorandumun fəaliyyətini bərpa etməyi və ya İran vətəndaşlarının Azərbaycana girişi üçün viza rejimini ləğv etməyi təklif etmişik. Azərbaycan tərəfi ilkin mərhələdə Naxçıvana gəlmək üçün birdəfəlik vizanın tətbiqinin razılığını verib, gələcəkdə bu, sadələşdirilmiş giriş qaydasının Azərbaycanın qalan ərazisinə şamil edilməsi imkanı istisna olunmur”.

 

Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi

 

Dövlət Komissiyasının iclasında Azərbaycanla İran arasında nəqliyyat sahəsində iki razılaşma da əldə edilib. Komissiyanın həmsədri, Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan “Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar işlərin sürətləndirilməsi barədə qərar qəbul olunub.

Nazirin sözlərinə görə, Qəzvin-Rəşt dəmir yolunun 80 faizində işlər İran tərəfindən görülüb, qalan işlər də sürətləndiriləcək: “Artıq bu dəmir yolunun tikintisi üçün Azərbaycan-İran-Rusiya üçtərəfli konsorsium yaradılıb. Azərbaycan tərəfinin payına düşən hissəsi Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək”.

Nazir qeyd edib ki, Bakıdan Astaraya qədər olan yolun inşası Şimal-Cənub dəhlizinin genişlənməsinə imkan yaradacaq.

 

Mədəniyyət.- 2014.- 8 avqust.- S. 3.