“Azər-İlmə” dünya muzeylərindəki xalçalarımızı araşdırır

 

“Azər-İlmə” şirkəti genişlənən beynəlxalq əlaqələri çərçivəsində dünyanın bir sıra məşhur muzeylərində saxlanılan Azərbaycan xalça nümunələri haqqında məlumatlar əldə edib.

 

“Azər-İlmə”dən bildiriblər ki, xarici muzeylərə təşkil olunan ezamiyyələrdə xalçaların saxlanılma vəziyyəti, onların muzeyə daxil olma tarixi və hansı adlarla ekspozisiyalarda yerləşdirilməsi, texniki və bədii göstəriciləri haqqında məlumatlar toplanılıb, fotoşəkillər çəkilib. ViktoriyaAlbert (London), Metropoliten (Nyu-York) və digər nüfuzlu muzeylərin ekspozisiyalarını bəzəyən Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Quba, Bakı, Qazax-Borçalı, Təbriz, Şirvan qruplarına aid Azərbaycan xalçaxalça məmulatları haqqında əldə edilmiş məlumatlar “Azərbaycan xalçaları” jurnalında əhatəli şəkildə işıqlandırılıb.

“Azər-İlmə”nin elmi əlaqələr qurduğu Rusiya Dövlət Şərq Muzeyində də nümayiş etdirilən Azərbaycan xalçalarının sayı kifayət qədərdir. Aparılan müştərək tədqiqatlar həmin xalça nümunələrinin hərtərəfli araşdırılmasına, öz adı, ünvanı, xalça qrupu, çeşnisi, texnologiyası ilə tanınmasına yönəlib. Muzeydəki Azərbaycan xalçalarının böyük əksəriyyəti yanlış adlandırılıb, bəzi hallarda isə digər xalqların maddi-mədəniyyət nümunəsi kimi təqdim edilib. “Azər-İlmə” şirkətinin rəhbəri, professor Vidadi Muradov rəhbərlik etdiyi tədqiqat qrupuna həm Azərbaycan, həm də Rusiyanın ayrı-ayrı elmi-tədqiqat mərkəzlərindən tarixçilər, etnoqraflar, xalçaçılar, sənətşünaslar cəlb edilib.

 

Mədəniyyət.- 2014.- 13 avqust.- S. 15.