“Müxtəlif yerlərdə memarlıq”

 

Beynəlxalq konqresdə müasir Azərbaycan memarlığı haqqında məlumat verilib

 

Azərbaycan Memarlar İttifaqının nümayəndə heyəti avqustun 3-dən 9-dək Cənubi Afrika Respublikasının (CAR) Durban şəhərində Beynəlxalq Memarlar İttifaqının “Müxtəlif yerlərdə memarlıq” (“Architecture otherwhere”) mövzusunda XXV konqresində iştirak edib.

 

Ölkəmizin CAR-dakı səfirliyindən bildiriblər ki, Azərbaycan Memarlar İttifaqının nümayəndələri konqres iştirakçılarına Azərbaycan və Bakının müasir memarlığından bəhs edən multimedia təqdimatı edib və ölkəmizin müasir memarlıq yaradıcılığı barədə məlumat veriblər. Şəhər və rayonlarımızda müasir Azərbaycan memarlığının inkişafında memarlarımızın və onların tələbələrinin yaradıcı ideyaları təqdim edilib.

Konqres çərçivəsində, həmçinin Azərbaycan memarlığının nailiyyətlərini nümayiş etdirən sərgi təşkil olunub.

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadənin konqresdəki çıxışında müasir Azərbaycan memarlıq məktəbinin nailiyyətləri qeyd edilib. Məruzəçi həmçinin erməni təcavüzünün Azərbaycanın memarlıq irsinə vurduğu zərbə və işğal olunmuş ərazilərdə abidələrin məhv edilməsi barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Beynəlxalq Konqres Mərkəzinin zallarında nümayiş etdirilən xarici şəhərsalma layihələri, istirahət zonaları, Durban şəhərinin sosial, mədəni və iqtisadi bərpası, yenidənqurma layihəsi - AFRICA'S “SMART-CITY” azərbaycanlı iştirakçıların diqqətini daha çox cəlb edib.

Azərbaycan Memarlar İttifaqının nümayəndələrinin digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və Beynəlxalq Memarlar İttifaqının yeni rəhbərliyi ilə gələcək əməkdaşlıq və 2015-ci ildə Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin hazırlanması və təşkilinə dair bir neçə işgüzar görüşləri keçirilib.

 

Mədəniyyət.- 2014.- 15 avqust.- S. 3.