Karikatura müsabiqəsi” layihəsinə yekun vuruldu

 

Avqustun 15-də Müasir İncəsənət Mərkəzinin sərgi salonunda Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunanKarikatura müsabiqəsi” layihəsinin yekun sərgisi keçirildi.

 

Karikatura müsabiqəsi” layihəsinin həyata keçirilməsində məqsəd Azərbaycan incəsənətinin karikatura və rəsm sənəti sahəsində inkişafına təkan vermək, gənc istedadlı rəssamların tapılıb üzə çıxarılmasını və onların tanıdılmasını, digər tanınmış rəssam və yaradıcı insanlarla əlaqələrinin yaradılması və möhkəmlənməsini təmin etməkdir.

Sərgidə “Karikatura müsabiqəsi” layihəsinin koordinatoru İsmayıl İsmayılov və layihənin rəhbəri Roza Əliyeva layihə haqqında ətraflı məlumat verdilər. Gənclər Fondunun bu cür layihələri mütəmadi olaraq dəstəklədiklərini və gənclərin inkişafına böyük yardım göstərdiklərini bildirdilər. Gələcəkdə də bu tipli layihələrin həyata keçirilməsinin davamlı olacağına ümid etdiklərini vurğulayaraq gənc rəssamlara yaradıcılıq uğurları arzu etdilər.

Münsiflər heyətinin üzvləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri heykəltəraş Natiq Əliyev, sənətşünas Afət Aslanova və qrafist-rəssam Sabir Qasımov bu cür layihələrin həyata keçirilməsini yüksək qiymətləndirərək layihənin gənclər üçün stimul olacağını bildirdilər.

Qeyd edək ki, “Karikatura müsabiqəsi” layihəsinə hər bir rəssamın maksimum üç işlə qatıla bildiyi, ümumilikdə 30-a yaxın rəssam iştirak edib. İlkin mərhələdə gənc karikaturaçı-rəssamlar açıq havada rəsmlər çəkiblər. Layihənin ikinci hissəsi kimi bu gün həmin rəssamların kolleksiyalarından ibarət sərgi təşkil olunub. Üç gün davam edəcək sərgidə layihədə uğur qazanmış 16 rəssamın 28 əl işi nümayiş olunur.

Peşəkar münsiflər heyəti tərəfindən seçilən sərgi-müsabiqənin qalibləri - I yer Rüfət Quliyev, II yer İslam Həsənəlizadə və III yerin qalibi Emiliya Hüseynova elan olundu. Qaliblər mükafatlandırılaraq diplomlar və hədiyyələrlə təltif edildilər. Eyni zamanda bütün iştirakçılara iştirakçı sertifikatları verildi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 20 avqust.- S. 12.