Kitabxana-informasiya sahəsində yeni Dövlət Proqramının layihəsi müzakirə olunub

 

2015-2020-ci illəri əhatə edəcək layihə ilə bağlı bir çox təkliflər irəli sürülüb

 

Avqustun 22-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının (2015-2020-ci illər) layihəsi müzakirə olunub.

 

Toplantıda əvvəlcə Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının nəticələrindən söz açılıb. Sonra Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının (2015-2020-ci illər) layihəsi ətrafında müzakirələr aparılıb, təkliflər bildirilib.

Layihəyə “Məcburi nüsxə sistemi haqqında” qanunun hazırlanması, “Kitabxana işi haqqında” qanuna dəyişiklik və əlavələrin edilməsi, ölkədaxili və xarici ölkələrə kitab göndərilməsi üçün kitabxanalara 50% güzəştin tətbiq edilməsi, kitabxanalara kitab alınması üçün ƏDV-nin ləğv edilməsi, kitabxanaların kitabla təchizatı sistemini qaydaya salmaq üçün Milli Kitabxananın nəzdində yeni nəşrlər evinin yaradılması, region kitabxanalarının avtomatlaşdırılması infrastrukturunun yaradılması ilə bağlı təkliflər səsləndirilib.

Həmçinin Milli Kitabxana üçün əlavə binanın tikilməsi, Respublika Kitabxana Şurasının yaradılması, rayon kitabxanalarında monitorinqlərin təşkili, kitabxanalar üçün texniki savadlı kadrların yetişdirilməsi, Azərbaycanı təbliğ etmək məqsədilə beynəlxalq sərgilərə, ayrı-ayrı cəmiyyət və institutlara kitab göndərmək üçün fondun yaradılması, Kitab Palatası üçün ayrıca binanın tikilməsi, Kitabxana Kollektorunun işinin təkmilləşdirilərək yeni əsaslar üzərində qurulması, kitab evi, kitab mərkəzinin yaradılması, yeni kitabxana binalarının inşası, televiziyada kitab, kitabxana ilə bağlı verilişin açılması və s. təkliflər irəli sürülüb və müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2014.- 27 avqust.- S. 5.