Bəstəkarlarımızın əsərləri Finlandiya ansamblının ifasında

 

Diskdə Qara Qarayev, Tofiq Quliyev, Cahangir CahangirovRauf Hacıyevin musiqiləri yer alıb

 

Finlandiyada yaşayan həmvətənimiz, Kokkola şəhər konservatoriyasının skripka sinfi üzrə professoru Cahangir Ələkbərov 20 ilə yaxın buradakı skripkaçılar ansamblına rəhbərlik edib. Bu, şəhər konservatoriyasının nəzdində yaradılmış ilk ansambllardan biridir.

 

Ansamblın fəaliyyətinin başa çatması ilə əlaqədar “Skripkaçılar ansamblının konserti” adlı disk buraxılıb. Diskdə kollektivin ifasında dünya klassik musiqisi, habelə Azərbaycan bəstəkarlarının əsərləri yer alıb. Konsert tanınmış Azərbaycan bəstəkarı Rauf Hacıyevin musiqisi ilə başlanır. Diskə Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, “Yeddi gözəl” baletindən vals, habelə Tofiq Quliyevin, Cahangir Cahangirovun əsərləri, fin bəstəkarlarının Rauf Hacıyev tərəfindən aranjiman edilmiş əsərləri daxildir. Diskin üz qabığında musiqi mədəniyyətinin inkişafına və pedaqoji fəaliyyətə köməyinə görə Cahangir Ələkbərova minnətdarlıq sözləri yazılıb.

Cahangir Ələkbərov deyib ki, Finlandiyada onun apardığı işin məqsədlərindən biri Azərbaycanın zəngin mədəniyyətini təbliğ etməkdir. Hazırda azərbaycanlı professor yeni skripkaçılar ansamblı yaradır. Bu ansamblın tərkibinə Kokkola şəhər konservatoriyasının istedadlı tələbələri daxil olacaq. O deyib: “Yeni ansambl yaratmaqla mən Azərbaycan musiqisinin ecazkar koloritini, melodikliyini, rəngarəng səs çalarlarını Finlandiyanın yeni nəslinə çatdırmaq imkanı əldə edirəm. Şən, temperamentli, dərin mənalı lirik Azərbaycan ritmləri fin dinləyicisinə xoş gəlir”.

 

Mədəniyyət.- 2014.- 29 avqust.- S. 5.