Gələn il Bakı-Barselona birbaşa reysi açılacaq

 

Bakıda Kataloniyanın turizm potensialının təqdimatı keçirilib

 

Noyabrın 27-də «Fairmont Baku» hotelində Azərbaycanda ilk dəfə İspaniyanın Kataloniya bölgəsinin turizm potensialının təqdimatı keçirilib. Tədbir Kataloniyanın «Agencia Catalana de Turisme» şirkətinin təşkilatçılığı və «TMI Consultancy» turizm şirkətinin dəstəyi ilə həyata keçirilib.

 

Təqdimatda Kataloniyanın 15-dən artıq turizm şirkəti və tanınmış hotellərinin nümayəndələri iştirak edib. Tədbirə Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri də qatılıb.

Tədbirin birinci hissəsində iki ölkənin turizm şirkətlərinin görüşü olub. Görüşdə ispaniyalı qonaqlar öz ölkələrinin turizm imkanları, turizm marşrutları barədə azərbaycanlı həmkarlarına məlumat veriblər, eyni zamanda mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

«Agencia Catalana de Turisme» şirkətinin rəhbəri Xose M.Perramon bildirib ki, Bakıda belə bir təqdimatı keçirməkdə əsas məqsədləri Kataloniya haqqında Azərbaycanın turizm şirkətlərinə məlumat vermək, iki ölkə arasında qarşılıqlı turist mübadiləsinə nail olmaqdır: «Kataloniyada çimərlik turizmi turistlərə unudulmaz istirahət bəxş edir. İstirahəti daha da mənalı edən cəhətlərdən biri də ailəvi istirahətin çox yüksək səviyyədə təşkilidir. Təsadüfi deyil ki, 2014-cü il Kataloniyada «Ailəvi turizm ili» elan olunub. Azərbaycanlıların ailə bağları möhkəm olduğundan əminəm ki, bizdə istirahəti seçənlərin əksəriyyəti ailəvi turizm məkanlarımızı tərcih edəcək».

Qeyd edək ki, Kataloniya İspaniyanın 17 muxtar vilayətindən biridir. 32 min kvadrat kilometr ərazisi, 7,2 milyon əhalisi var. Kataloniyanın paytaxtı Barselona şəhəridir.

Təqdimatda çıxış edən Kataloniya Turizm Agentliyinin direktoru Patrik Torrent bildirib ki, vilayətin bütün ərazisi turistlərin istirahəti üçün ideal məkandır. Bundan əlavə, Kataloniya İspaniyanın güclü iqtisadiyyata və zəngin tarixə malik regionlarından biridir.

Agentlik rəhbəri onu da bildirib ki, artıq azərbaycanlı turistlər üçün bu ölkəyə vizaların sadələşdirilməsi və Bakıdan Barselonaya birbaşa reyslərin açılması barədə danışıqlar gedir.

İspaniyanın «Vueling» (Buelinq) aviakompaniyasının direktoru Xesus Blanko isə Bakı-Barselona birbaşa reysinin açılmasının 2015-ci ilin yayına planlaşdırıldığını deyib: «Hazırda azərbaycanlı turistlər Kataloniyaya səfər etmək üçün İstanbul, Kiyevyaxud da Moskvadan keçməlidir. Bu həm vaxt, həm də maddi vəsait baxımından sərfəli deyil. Birbaşa reysin açılması ilə uçuş vaxtının 5 saat azaldılması nəzərdə tutulur. Biletlərin qiyməti isə iki tərəfə 400-500 avro arasında olacaq».

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 3 dekabr. S. 9.