“Qılman İlkinin həyat yollarında”

 

Görkəmli yazıçının 100 illiyinə həsr olunmuş dəyirmi masa

 

Dekabrın 2-də “Park İnnhotelinin Füzuli zalında Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Xalq yazıçısı Qılman İlkinin (1914-2009) 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirildi.

 

“Qılman İlkinin həyat yollarında” mövzusunda tədbiri Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov açdı.

160 saylı klassik gimnaziyanın ədəbiyyat müəllimi, tədqiqatçı Məlahət Əsgərova ədibin həyat və yaradıcılığı mövzusunda çıxış etdi. Bildirdi ki, Qılman İlkini nasir kimi ədəbi ictimaiyyətə tanıdan əsəri 50-ci illərdə qələmə aldığı “Həyat yollarında” povestidir. Əsər görkəmli dramaturq Nəcəf bəy Vəzirovun Bakıda realnı məktəbdə oxuduğu illərdən bəhs edir. Müəllif faktlara istinad edərək Nəcəf bəyin həmin illərdə Həsən bəy Zərdabi ilə birlikdə Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya qoymasından danışır, müəllim-şagird münasibətlərindəki səmimiyyəti təsvir edir.

Yazıçının “Qalada üsyan” romanı da tarixi mövzuda qələmə alınıb. Əsərdə 1905-ci ilin yayında “Potyomkinzirehli gəmisində üsyan qaldıran matrosların aqibətindən bəhs edilir.

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızı “Qılman İlkinin əsərləri mədəniyyət məkanında” mövzusunda çıxış etdi, xatirələrini bölüşdü: “Qılman müəllimi tələbəlik illərindən tanıyırdım. Ondan müsahibə yazacaqdım. Biz görüşərkən çox həyəcanlı idim, bilmirdim nədən başlayım. Ancaq yazıçı məni o qədər səmimi, mehriban qarşıladı ki, hər şey bir anın içində ötüb keçdi...”

Qeyd olundu ki, Qılman İlkin uzun müddət “Gənc işçi” qəzetində çalışıb. Təbrizdə nəşr olunan “Vətən yolu” qəzetində işlədiyi müddətdə Cənubi Azərbaycanı qarış-qarış gəzib və maraqlı məqalələri dərc olunub. Ordudan tərxis edildikdən sonra “Azərnəşr”də baş redaktor, direktor, “Azərbaycan” jurnalında baş redaktor vəzifələrində çalışıb.

Yazıçı ömrünün son illərində də qələmini yerə qoymurdu. Çoxlu təltiflərə layiq görülsə də, deyərdi ki, “İnsanın ən böyük mükafatı ağıllı və ləyaqətli övladıdır. Yaxşı övlad valideyninə başucalığı gətirir və üzünü edir”.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr oldu. Yubilyarın həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət slayd-şou nümayiş etdirildi.

Sonda yazıçının oğlu Ayaz Musayev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 3 dekabr.- S. 4.