Gədəbəy Aşıq Məktəbi ulu xalq sənətində yeni cığırlar açır

 

Aşıq sənəti Azərbaycan xalqının ruhunu özündə ehtiva edir, mədəniyyətimizi, ədəbiyyatımızı və şifahi xalq yaradıcılığını əks etdirir. Bu sahəyə göstərilən dövlət qayğısının, xüsusilə bu sənətin dünyada təbliği ilə bağlı Heydər Əliyev Fondunun gördüyü işlərin nəticəsində 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu gün Azərbaycan aşıqlarının səsi dünyanın böyük konsert salonlarından gəlir.

 

Ulu sənətin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün atılan addımlardan biri də Gədəbəy Aşıq Məktəbinin yaradılmasıdır. Ötən ay ölkəmizdə keçirilən II Beynəlxalq Aşıq Festivalı çərçivəsində Gədəbəydə olarkən bu məktəblə yaxından tanış olduq, tədris ocağının direktoru Etibar Əliyevlə söhbət etdik.

Gədəbəy Aşıq Musiqisi Məktəbi Azərbaycanda bu sahədə ixtisaslaşmış ilk tədris müəssisəsidir. Məktəbin təməli 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulub və həmin ilin sentyabrında ölkə başçısı tərəfindən açılışı keçirilib.

İkimərtəbəli binanın həyətində Aşıq Ələsgərin heykəli ucaldılıb. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına diqqət və qayğısından, Gədəbəyə səfərlərindən bəhs edən fotoguşə yaradılıb. Binada kitabxana, qiraət zalı, müxtəlif tədbirlər, konsertlər keçirmək üçün 120 yerlik akt zalı, tamaşa səhnəsi var.

Məktəbdə səsyazma studiyası da fəaliyyət göstərir. Sinif otaqlarında tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Tədris ocağında aşıq sənəti muzeyi də yaradılıb. Muzeydə Gədəbəy aşıqları, ölkəmizin tanınmış saz-söz ustadları haqqında məlumatlar toplanıb, aşıq sənətinə dair müxtəlif eksponatlar nümayiş etdirilir. Onu da qeyd edək ki, bu gün Gədəbəy rayonunda 150-dən çox aşıq var. Gədəbəy Aşıq Məktəbində isə hazırda 60 şagird təhsil alır. Direktor bildirir ki, məktəbdə sırf aşıq sənəti tədris olunur:

- Buna uyğun olaraq konsertmeyster dərsləri, müşayiət və səhnə mədəniyyəti, sazın notla çalğı olaraq qəbul formatında dərslər keçirilir. Müəllimlərimiz peşəkar aşıqlar və Mədəniyyət və İncəsənət Universitetinin məzunlarıdır. Nəzərdə tuturuq ki, gələcəkdə buranı bir təmayül liseyinə və yaxud da kollecə çevirək. Digər tərəfdən, Gəncə və Bakı ilə təmas qurub musiqi təhsilli kadrları bura cəlb edə bilirik. Gədəbəy əsrlərdir ki, aşıq sənətində möhür vurmuş bir bölgədir. Bizdə klassik formatda olan aşıq havaları da, sonradan aşıq havalarına yeni qoşqular da var. Mən özüm Gədəbəyin məşhur isimləri olan Aşıq Sayad, Zahid Aslanoğlu və Aşıq İsfəndiyar haqqında sənədli filmlərin müəllifiyəm. Demək istədiyim odur ki, hətta gələcəkdə liseyyaxud kollec kimi fəaliyyətə başlasaq, kifayət qədər öyrədiləsi materiallar var.

- Uşaqları neçənci sinifdən qəbul edirsinizı?

- Adətən 3-cü sinifdən 7-ci sinfə qədər. Amma bizdə təkcə orta məktəb şagirdləri deyil, məktəbi bitirən gənclər də təhsil alırlar.

- Gədəbəy Aşıq Məktəbini bitirənlərə hansı sənəd veriləcək?

- Məktəbin məzunu kimi diplom veriləcək. Uşaqlar burada orta məktəblə paralel oxuyurlar. Digər musiqi məktəblərindən fərqimiz odur ki, biz burada musiqi dərslərindən əlavə, ədəbiyyat nəzəriyyəsi keçirik. Çünki aşıq səhnəyə təkcə səs nəfəs ifaçısı kimi yox, həm poetik duyumu olan bir insan kimi çıxır. Ona görə biz buraya uşaqları qəbul edərkən onların dastan yaradıcılığı, bayatı, poetik duyğu qabiliyyətini yoxlayırıq.

- Səsi olmayan, amma sazda yaxşı ifa etmək qabiliyyəti olanları qəbul edirsinizmi?

- Əlbəttə. Aşıq sənəti təkcə səsdən ibarət deyil. Yaxşı saz ifaçısı olmaq, bu alətin elmini, fəlsəfəsini öyrənmək üçün səsin olması mütləq deyil. Musiqi duyumu, saz sənətinə sevgi gələcəkdə bu sənətlə məşğul olmaq üçün yetərli qabiliyyətdir.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 11.