Mahmud Kaşğarlı bizi mədəni və ədəbi irsə sahib çıxmağa səsləyir”

 

Beynəlxalq hekayə müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Dekabrın 8-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında III beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Avrasiya Yazarlar Birliyi, TÜRKSOY və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı gerçəkləşdi.

 

Tədbirdə çıxış edən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu müsabiqənin türk xalqlarının ədəbi əlaqələrinin gücləndirilməsi və ortaq türk dilinin yaradılması istiqamətində böyük əhəmiyyət daşıdığını bildirdi: “Mahmud Kaşğarlı hekayə müsabiqəsinin keçirilməsi bizim üçün çox vacib bir addım oldu. Türk dünyasının 13 fərqli bölgəsindən bu yarışmaya nümayəndələr qatılıb. Hekayə yarışması qardaş xalqların daha da yaxınlaşmasına, doğmalaşmasına öz töhfəsini verməkdədir. Belə müsabiqələrin daha da genişləndirilməsinə ehtiyac var”.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev müsabiqənin ölkəmizdə keçirilməsini sevindirici hal kimi qiymətləndirdi: “Bu müsabiqə türk dünyasının birliyinə xidmət edir. Burada qardaş ölkələrin mədəniyyəti, ədəbiyyatı, folklor nümunələri, sevinc və kədərləri, qarşılaşdıqları problemlər bir daha geniş auditoriyaya çatdırılır, həlli yolları axtarılır. Ölkəmiz hər zaman belə tədbirlərə ev sahibliyi etməyə hazırdır. Azərbaycan artıq mədəniyyətlərin dialoqunu təşkil edən bir ölkəyə çevrilib”.

Vaqif Əliyev bütün qalibləri təbrik edərək, onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun Mahmud Kaşğarlı hekayə müsabiqəsinin böyük keçmişə malik türk xalqlarının mədəni yaxınlaşmasının gücləndirilməsinə xidmət etdiyini bildirdi: “Bu müsabiqə bizi min il bundan əvvəl yaşayıb-yaratmış Mahmud Kaşğarlının söylədiyi kimi, mədəni və ədəbi irsə sahib çıxmağa səsləyir”.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təsviri sənətdən musiqiyə, ədəbiyyatdan xalq dastanlarına qədər mədəniyyətimizin hər bir sahəsində türk xalqlarının bir-birini yaxından tanımalarının, dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, təmsil etdiyi qurum hər zaman söz adamlarının, böyük fikir və düşüncə sahiblərinin yubileylərinin keçirilməsinə böyük əhəmiyyət verir.

Tədbirdə Əskişəhər valisi Güngör Azim Tuna, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nihad Gül, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar və başqaları çıxış edərək müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirdilər, türk dünyasının sözdə, fikirdə və işdə birliyinin önəmini vurğuladılar.

Sonra müsabiqənin ölkə turunda qalib olmuş azərbaycanlı yazarlar mükafatlandırıldı. Ölkəmiz üzrə birinci yerə Alpay Azər, ikinci yerə Natiq Məmmədli, üçüncü yerə isə Vəfa Mürsəlqızı layiq görüldü. Azərbaycan üzrə xüsusi mükafat isə Peykər İbrahimovaya təqdim olundu.

Ümumi mükafatlandırmada qazaxıstanlı Oraz Nurğali I, Tatarıstandan (Rusiya Federasiyası) Aygül Əhmədğaliyeva II və Alpay Azər (Azərbaycan) III yerə sahib oldular. Müsabiqənin xüsusi mükafatı Çuvaşıstandan (Rusiya) İlya İvanovaya verildi. Qaliblərə fəxri fərman və pul mükafatları təqdim edildi.

Mərasim çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətindən olan yazıçı İsmayıl BozkurtTürk dünyasında ilin ədəbiyyat adamı-2014” mükafatı ilə təltif olundu.

Qeyd edək ki, müsabiqədə Azərbaycan, Türkiyə, İran, Şimali Kipr, Qazaxıstan, Qırğızıstan, İraq, Rusiya, Moldovabaşqa ölkələrdən yazarlar iştirak edib. Mahmud Kaşğarlı hekayə müsabiqəsi iki turdan ibarətdir. Əvvəlcə yerli münsiflər tərəfindən ölkə üzrə qalib əsərlər müəyyən olunur. Ölkələr üzrə birinci yerə layiq görülmüş ədəbi nümunələr Türkiyə türkcəsinə çevrilir, müsabiqənin beynəlxalq münsiflərinə təqdim edilərək qaliblər müəyyənləşir. Qaydalara uyğun olaraq, birinci yerin sahibi olan ölkə növbəti dəfə keçiriləcək müsabiqəyə ev sahibliyi edir. Mahmud Kaşğarlı hekayə müsabiqəsinin 2013-cü ildəki qalibi Azərbaycanın tanınmış şair və yazıçısı Əjdər Ol idi.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2014.- 10 dekabr.- S. 5.