Mədəniyyət və İncəsənət Universitetində onlayn ustad dərsi

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) onlayn ustad dərsi təşkil edilib. Universitetdən bildirilib ki, ustad dərsini İdman KinoTeleviziya Filmləri Beynəlxalq Federasiyasının (FICTS) AvropaAsiya üzrə prezidenti, “Tukan Film” studiyasının, Türkiyədə idman filmləri festivalının rəhbəri, rejissor Can Saraçoğlu keçib.

Türkiyəli rejissor kinooperator ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələri ilə idman filmlərinin çəkilişi, peşəkar çəkiliş heyətinin təşkili barədə fikir mübadiləsi aparıb. O, “Bakı-2015” ilk Avropa Oyunlarının gənclərin idmana marağının daha da artmasına xidmət edəcəyinə inandığını bildirib. Ustad dərsi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar incəsənət xadimi Rafiq Quliyevin təqdimatı ilə keçirilib.

 

Mədəniyyət.- 2014.- 12 dekabr.- S. 2.