Sənətə rəhbər qayğısı

 

Ulu öndərin korifey sənətkarlarla dostluğu onları yaradıcılıq axtarışlarına ruhlandırırdı

 

Dekabrın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb. İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə mərasimdə çıxış edərək dahi şəxsiyyətin şərəfli ömür yolundan söhbət açıb. Bildirib ki, Heydər Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafında, beynəlxalq səviyyədə tanınmasında müstəsna xidməti olub: “Ümummilli liderin Qara Qarayev, Fikrət Əmirov, NiyaziMüslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu onları yeni yaradıcılıq axtarışlarına ruhlandırıb. Bəstəkarlar İttifaqının V qurultayında ulu öndərin “Bəstəkarın yüksək vəzifəsi və amalı” məruzəsi bu gün də aktualdır və təşkilatın fəaliyyətinin proqram sənədidir. Mstislav Rostropoviçi bizə faktiki olaraq Heydər Əliyev qaytardı. Dünya şöhrətli musiqiçi 1997-ci ildə Fransada Heydər Əliyevlə görüşündə ona söz verdi ki, hər il Bakıya gələcək və gənc musiqiçilər üçün ustad dərsləri keçirəcək və o sözünün üstündə durdu”.

Tədbirdə ABİ-nin katibləri, əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Cəlal Abbasov, Sərdar Fərəcov ümummilli liderin bəstəkarlarımıza qayğısından söz açıblar. Diqqətə çatdırılıb ki, Aqşin Əlizadənin “Babək” baletinin yaranması ideyası ulu öndərə məxsusdur. Digər nümunə isə Arif Məlikovun 8-ci simfoniyası - “Əbədiyyət”dir. Bu əsərin ideyası Məkkədə birgə Həcc ziyarətində olarkən Heydər Əliyevin bəstəkarla mənəvi dəyərlər, insanın əxlaq meyarı barəsində söhbətləri zamanı yaranıb.

Çıxışlarda ümummilli liderin mədəniyyət xadimlərinə qayğısının bu gündavam etdirildiyi qeyd olunub.

Tədbirin sonunda tanınmış bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun “Həmişə bizimləsən” simfonik poeması səsləndirilib.

 

Mədəniyyət.- 2014.- 17 dekabr.- S. 6.