Bremen musiqiçilərinin Yeni il hədiyyəsi

 

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il bayramı münasibətilə balaca tamaşaçıların görüşünə maraqlı konsert proqramı ilə gəldilər. “Bremen musiqiçilərinin Yeni il şənliyi” adlı konsert proqramı dekabrın 22-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində təqdim olundu. Konsertdə Uşaq Filarmoniyasının bütün yaradıcı heyəti, rəqs, xor, uşaq musiqili teatrının, vokal qrupunun kollektivləri iştirakı edirdi. Proqrama məşhur Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxil edilmişdi.

Kompozisiya şəklində qurulmuş konsert proqramı heyvanların həyatından bəhs edən “Bremen musiqiçiləri” nağılı əsasında hazırlanmışdı. Yaşlanıb, artıq qabiliyyətini itirən ulaq sahibi tərəfindən atılır. Ulaq onunla eyni həyat hekayəsini yaşayan itə, pişiyə, xoruza rast gəlir. Birlikdə musiqi ilə məşğul olmağa razılıq verən nağıl qəhrəmanları gözəl həyat arzusu ilə Bremen şəhərinə yola düşürlər. Yolda müxtəlif çətinliklərdən, maneələrdən keçməli olurlar. Yolu sıx meşədən keçən nağıl personajları quldurlara rast gəlirlər. Quldurlara qalib gələn musiqiçi dostlar sonda öz istəklərinə çataraq yaratdıqları ansamblda musiqi ilə məşğul olurlar.

Maraqlı səhnə geyimli balacalar nağıl qəhrəmanlarını məharətlə oynayaraq öz kiçik dostlarına bayram hədiyyəsi etdilər. Filarmoniyanın rəqs, xorvokal qrupunun çıxışları konsertə rəng qatdı. Musiqili Teatrın səhnəsində əsl bayram ab-havası yaşandı.

 

Fariz

 

Mədəniyyət.- 2014.- 24 dekabr.- S. 11.