Sevimli muşketyor
Rusiyanın Xalq artisti, tanınmış aktyor
və müğənni Mixail Boyarski 1949-cu il dekabrın
26-da Leninqradda (Sankt-Peterburq)
anadan olub. Atası Sergey Boyarski və anası Yekaterina Melenteva teatr aktyorları olublar. Lakin valideynləri
Mixailin aktyor olmasını istəməyiblər
və övladlarını
musiqi məktəbinin
fortepiano sinfinə qoyublar.
Məktəbi bitirən Mixail valideynlərinin razılığını almasa da, sənədlərini Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna verir və qəbul olur. 1972-ci ildə institutu bitirdikdən sonra “Lensovet” teatrında işləməyə başlayır. İlk dəfə Q.Qladkovun “Trubadur və onun dostları” musiqili tamaşasında baş rolu canlandırır. Şahzadə rolunu isə onun gələcəkdə həyat yoldaşı Larisa Luppian oynayır. Onlar hələ institutdan tanış idilər, bu tamaşa isə evlilikləri üçün bir təməl olur. Bu xoşbəxt nikahdan oğulları Sergey və qızları Yelizaveta dünyaya gəlir.
Mixail Boyarskinin
kinoda debütü rejissor Vasili Paskarunun 1973-cü ildə çəkdiyi
“Körpülər” filmində Qitsu rolu ilə başlayır. 1974-cü ildə
rejissor Leonid Kvinixidzenin
“Saman papaq” komediya filmində (Ninardi) rol alır.
Bundan sonra bir neçə uşaq filmində - 1975-ci
ildə “Maşa və Vityanın Yeni il sərgüzəştləri”ndə
Matvey pişik,
1976-cı ildə Lyudmila Qurçenko
ilə birgə məşhur “Mama” filmində
Canavar və digər rollara çəkilir. 1975-ci ildə “Böyük oğul” filmində yaratdığı Silva rolu
ilə tamaşaçı
rəğbəti qazanır.
1978-ci ildə rejissor Georgi Yunqvald-Hilkeviçin çıəkdiyi “D’Artyanyan və üç muşketyor” filmində oynadığı baş rol və oxuduğu mahnılar ona böyük şöhrət gətirir. Aktyor o qədər populyarlaşır ki, həyat yoldaşı Larisa ilə birgə həyətə də çıxmaqda çətinlik çəkir, çünki dəhlizin divarlarında sevgi məktubları yazılır, pərəstişkarlar yolda onların qarşısını kəsir, telefon zəngləri isə heç susmur. Yeri gəlmişkən, filmin populyarlığını nəzərə alan rejissor Georgi Yunqvald-Hilkeviç 1992-ci ildə “Muşketyorlar 20 ildən sonra” və 1993-cü ildə “Şahzadə Annanın sirləri və ya muşketyorlar 30 ildən sonra” filmlərini çəkir. Bu filmlər də tamaşaçılar tərəfindən çox sevilir.
Bundan başqa, Mixail Boyarski “Qardemarinlər, irəli”, “İlf qəsrinin məhbusu”, “Böyük Pyotr. Vəsiyyət”, “İdiot” və s. filmlərə çəkilib. Uzun müddət Sankt-Peterburqda “Benefis” teatrının direktoru işləyən aktyor, müğənniliklə də məşğul olur, “Silver” qrupunda öz mahnılarını oxuyur. Aktyor həm də gözəl teleaparıcıdır. Məşhur aktyor Yuri Nikulinin ölümündən sonra televiziyada “Ağ tutuquşu” verilişinin aparıcısı olub.
65 yaşlı aktyorun xoşbəxt ailəsi, üç nəvəsi var. Qızı Yelizaveta atasının yolunu davam etdirir, həm aktrisadır, həm də reklamlara çəkilir.
Səbinə
Əlibalaqızı
Mədəniyyət.- 2014.- 26
dekabr.- S. 15.