“Gəncliyin səsi” festivalı davam edir

                      

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Gəncliyin səsi” festivalının tədbirləri davam edir.

Fevralın 5-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında gənc ədiblərin iştirakı ilə “Poeziya saatı” keçiriləcək. Azərbaycan Yazıçılar Birliyindən bildiriblər ki, tədbirdə gənc şairlərdən Fərid Hüseyn, Vüsal Nuru, Xəyal Rza, Elşad Ərşadoğlu, Vəfa Mürsəlqızı, Günel Şamilqızı, Arzu Hüseyn və Ramil Əhməd öz şeirlərini oxuyacaqlar.

Fevralın 5-də axşam isə Beynəlxalq Muğam Mərkəzində IV muğam televiziya müsabiqəsi qaliblərinin iştirakı ilə konsert olacaq. Konsertdə Mirpaşa Şükürov, Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Xətai Hacıyev, Ramiq Bayramlı, Babək Quliyev, Gülnar Qüdrətli, Zümrüd Məmmədova çıxış edəcəklər. İfaçıları Xalq artisti, tarzən Adil Bağırovun bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Fevralın 7-də Azərbaycan Dövlət Filarmoniyasında "Gəncliyin səsi" layihəsi çərçivəsində növbəti konsert təqdim olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və dirijor Xalq artisti Rauf Abdullayev) ifasında gənc bəstəkarların əsərləri dinləniləcək. Proqrama Tural Məmmədlinin “Simfonik poeması”, Əbrah Cavadın “Babək simfonik poeması” daxildir. Gecədə həmçinin L.Qrendal, K.M.Veber və İ.S.Baxın əsərlərindən parçalar ifa olunacaq. Solistlər beynəlxalq müsabiqələr laureatları Cəmilə Qarayusifli (skripka), Mustafa Xəlilov (trambon), Emil Bağırov (klarnet), Səbuhi Axundovdur (alt).

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 2.