Tarixi keçmişimizmilli fəxarət hissi

 

“Biz tariximizə baxaraq fəxrlə deyə bilərik ki, Rəsulzadə və onun silahdaşları müsəlman Şərqində ilk cümhuriyyətin qurucularıdır”

 

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı paytaxtın İstiqlaliyyət küçəsində Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidənin önündə mərasim keçirildi. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, mədəniyyət, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə abidənin önünə əklil və gül-çiçək dəstələri qoyaraq Xalq Cümhuriyyətinin banilərinin xatirəsini hörmətlə yad etdilər.

Mərasimi giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2013-cü il tarixli sərəncamına əsasən Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini, eyni zamanda qardaş Türkiyədə, soydaşlarımızın yaşadıqları müxtəlif ölkələrdə yubileylə bağlı tədbirlərin keçirildiyini diqqətə çatdırdı.

Qeyd olundu ki, sərəncama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə tədbirlər planı hazırlanıb və yubileylə bağlı mərasimlər, konfranslar, dəyirmi masalar il ərzində davam edəcək. Bu il Məhəmməd Əmin Rəsulzadənin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı yeni kitablar, nəşrlər işıq üzü görəcək, əsərləri çap olunacaq: “Böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə gənc yaşlarından Azərbaycanın istiqlalı və azadlığı uğrunda çalışmışdır. Biz öz tariximizə baxaraq fəxrlə deyə bilərik ki, Rəsulzadə və onun silahdaşları müsəlman Şərqində ilk demokratik dövləti qurmuş, ilk parlamenti yaratmış, bütün vətəndaşlara bərabər hüquqlar vermişlər. Beləliklə, Azərbaycan xalqı müsəlman dünyasına ilk peşəkar teatr, opera, operetta, mədəni intibah bəxş etməklə yanaşı, eyni zamanda ilk demokratik cümhuriyyəti qurdu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq çox böyük uğurlar qazandı, tariximizdə silinməz izlər qoydu”.

Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətindən danışan Əbülfəs Qarayev onun zəngin ədəbi-publisistik yaradıcılığı olduğunu qeyd etdi. Bildirdi ki, Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsəri müasir Azərbaycanın gələcək inkişafına təsir göstərə biləcək, onun müxtəlif çətinlikləri necə keçməsinə yol göstərəcək kitablardan biridir: “Baxmayaraq ki, 1920-ci ildən sonra Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda yaşaya bilmədi, amma o, ömrünün sonunadək Azərbaycanla əlaqələri kəsmədi, doğma Vətənin azadlığı, istiqlalı uğrunda fədakarcasına çalışdı”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Xalq Cümhuriyyətinin tariximizdə xüsusi mərhələ təşkil etdiyini bildirdi, bu yolda Məhəmməd Əmin Rəsulzadənin böyük xidmətlər göstərdiyini vurğuladı. Paytaxtımızda ucaldılan “İstiqlal abidəsi”ni Cümhuriyyətimizi quranların xatirəsinə böyük ehtiramın nümunəsi kimi qiymətləndirdi. Rəsulzadənin böyük elmi irsinin olduğunu deyən AMEA prezidentinin sözlərinə görə, alimlərimiz bu zəngin irsin toplanması, tədqiqi və təbliği sahəsində geniş aparırlar.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın milli dövlətçilik tarixi ilə yanaşı, ədəbiyyatımızda, milli jurnalistikanın inkişafında böyük xidmətləri olduğunu diqqətə çatdırtdı. Onun 30-a yaxın mətbu orqanda 1200-dən çox məqaləsi çap olunub. Rəsulzadənin həyat və fəaliyyəti Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparmaq, tək amalı Azərbaycana xidmət etmək olub.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 4.