Moskvada və Kiyevdə yubiley tədbirləri

 

Yanvarın 31-də Moskvadakı “Prezident” hotelində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə gecə keçirilib.

Ümumrusiya Azərbaycanlıları Konqresi, Məhəmməd Əmin Rəsulzadə Məclisi və “Şəhriyar” Ədəbi-Mədəni Cəmiyyətinin təşkil etdiyi gecədə çıxış edənlər Rəsulzadənin həyatı və siyasi fəaliyyətindən, elmipublisistik əsərlərinin əhəmiyyətindən danışıb, 130 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı verdiyi sərəncama görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Moskvadakı “Dərviş” teatrı aktyorlarının ifasında Rəsulzadənin 1936-cı il yanvarın 17-də Parisdə oxuduğu məruzənin mətni, Stalinə məktubundan parçalar səslənib, mühacirət illərindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə ÜAK-ın icraçı direktoru İlqar Hacıyevə, Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqubluya, “Şəhriyar” Cəmiyyətinin sədri Vasif Məmmədova, “Dərviş” teatrının bədii rəhbəri Mərdan Feyzullayevə Məhəmməd Əmin Rəsulzadə Məclisinin təsis etdiyi medal təqdim olunub. Məhəmməd Əmin Rəsulzadə Məclisinin sədri Füzuli Fərəcov, tanınmış diplomatpublisist Ramiz Abutalıbov və başqaları yubilyarın irsinin tədqiqinə töhfəyə görə ÜAK-ın fəxri fərmanlarına layiq görülüblər.

Gecədə “Dərviş” teatrı aktyorlarının ifasında “Arşın mal alan” operettasından səhnələr təqdim olunub, Əməkdar artist, tarzən Qorxmaz Axundovun və başqalarının ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənib.

 

* * *

Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi yanvarın 31-də Kiyevdəki Səməd Vurğun adına kitabxanada da qeyd edilib. Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil edilmiş tədbiri kitabxananın direktoru Qalina Çebotaryova açaraq Rəsulzadənin təkcə Azərbaycan tarixində deyil, bütün türk dünyası tarixində böyük rolunu qeyd edib.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Kiyev Milli Linqvistika Universiteti yanında Azərbaycan dili və ədəbiyyatı mərkəzinin rəhbəri professor Rafiq Novruzov və digər çıxış edənlər görkəmli ictimai-siyasi xadimin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs ediblər. Tədbirin iştirakçıları Rəsulzadəyə həsr edilmiş kitab sərgisi ilə də tanış olublar.

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 5.