O, əsl sənət fədaisi idi

 

Əhməd Ağdamskinin 130 illik yubileyi qeyd edildi

 

Yanvarın 31-də Üzeyir Hacıbəylinin ev-muzeyində görkəmli sənətkar Əhməd Ağdamskinin 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş Bədəlbəylilər nəslinin görkəmli nümayəndələrindən olan Əhməd Ağdamskinin (Əhməd Bəşir oğlu Bədəlbəyli) həyat və sənət yolundan danışdı. Qeyd olundu ki, Əhməd Ağdamski əsl sənət fədaisi kimi tanınıb, ötən əsrin əvvəllərində qadın aktyorlarımızın olmadığı bir vaxtda Üzeyir Hacıbəylinin xahişi ilə “Leyli və Məcnun” operasında Leyli rolunu oynayıb. Sonralar bəstəkarın bir-birinin ardınca qələmə aldığı “Rüstəm və Söhrab” operasında Təhminə, “Əsli və Kərəm”də Əsli, “Ər və arvadda Minnət, “O olmasın, bu olsunda Gülnaz, “Arşın mal alanda Gülçöhrə rollarını böyük məharətlə ifa edib. Beləliklə, Azərbaycan teatr tarixində silinməz izlər qoyub.

Yazıçı-publisist Mustafa Çəmənli bildirdi ki, Əhməd Bədəlbəyli hələ erkən çağlardan teatra böyük maraq göstərib. Teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal iştirakçılarından olub. “Nicat” xeyriyyə cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlayıb. Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi. Bunun üçün Üzeyir Hacıbəyli Leyli rolunu yaxın qohumu Əhməd Bədəlbəyliyə tapşırır. O da tanınmasın deyə, adını “Miri” yazdırır. “Leyli və Məcnun”un 1909-cu ildəki proqramında onun adı “LeylirolundaMirikimi qeyd olunub. Sonralar isə Ağdamski səhnə təxəllüsünü götürür. O, 12 il səhnəyə qadın qiyafəsində çıxır...

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov qeyd etdi ki, Əhməd Ağdamskinin teatr tariximizdə şərəfli adı var: “Çünki o, təməlçi olub. Gələcək nəsillər üçün böyük məktəb qoyub gedib. 1934-cü ildən ömrünün sonunadək - 1954-cü ilədək pedaqoji fəaliyyətlə məşğul olub. Ağdaş rayonunun musiqi məktəbində tardan dərs deyib, rayon ziyalıları arasında dərin hörmət qazanıb. 1943-cü ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Xoşbəxt o insandır ki, ölümündən sonra xoş xatirələrlə yad edilsin. Əhməd Ağdamskinin mədəniyyət tariximizə verdiyi töhfələr hər zaman xatırlanacaq”.

Yazıçı-publisist Xeyrəddin Qoca Əhməd Ağdamski ilə yaxın dost olmuş atasının xatirələrini danışdı.

Tədbirdə iştirak edən görkəmli sənətkarın oğlu kimyaçı alim, professor Telman Bədəlbəyli tədbir iştirakçılarına dərin təşəkkürünü bildirdi.

Çıxışlardan sonra tarzən Malik Mənsur Əhməd Ağdamskinin tarında “Çoban bayatı”, muğam müsabiqəsinin laureatı Elnur Zeynalov tarzən Bəhruz Zeynalov, kamançaçı Şəhriyar Musayevin müşayiəti ilə “Aşiqəm, kimə yalvarım” mahnılarını ifa etdilər.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 6.