Rəsulzadənin 130 illiyinə həsr olunmuş kitabın təqdimatı

 

Yanvarın 31-də Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya elmləri doktoru, şair, yazıçı Vüqar Əhmədin görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr etdiyiSon nəfəsədək Azərbaycan” romanının təqdimatı keçirildi.

Tədbiri filologiya elmləri doktoru Elman Quliyev açaraq təqdimata gələnləri salamladı. Sonra çıxış edən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu əsərin məziyyətlərindən söz açdı, kitabı Azərbaycanın istiqlal salnaməsində böyük xidmətləri olmuş Rəsulzadənin yubileyinə, bütövlükdə tariximizin öyrənilməsinə töhfə kimi qiymətləndirdi.

Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov tarixi sənədlər əsasında yazılmış, “MBM” nəşriyyatında yüksək poliqrafik zövqlə ərsəyə gəlmiş kitabın gələcək nəsil üçün qiymətli vəsait olacağını bildirdi.

Digər çıxış edənlər filologiya elmləri doktoru Vüqar Əhmədin böyük Azərbaycan mücahidləri - Şeyx Məhəmməd Xiyabanı, Seyid Cəfər Pişəvəri və Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi əsərləri tarixi-bədii trilogiya adlandırdılar. Bildirildi ki, “Son nəfəsədək Azərbaycan” kitabında təmtəraq və uydurmadan sapınaraq real hadisələr qələmə alınıb. Əsərdə Rəsulzadənin tarixi xidmətləri, başına gələn hadisələr, Azərbaycanın müstəqilliyi üçün apardığı mübarizə, bolşevik işğalının Azərbaycana gətirdiyi bəlalar öz əksini tapıb. Kitabın redaktorları Rasim Nəbioğlu və Müşfiq Cabiroğludur.

Tədbirdə “Qafqaz Mediaİctimai Birliyinin sədri Azadə Hüseynova təmsil etdiyi qurumun adından müəllifə “Cəsarətli qələm” diplomunu təqdim etdi.

Sonda Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rais Rəsulzadə babasının xatirəsinə göstərilən ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 5 fevral.- S. 14.