Gənc ədiblərin “Poeziya saatı”

 

Xəbər verdiyimiz kimi, 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Gəncliyin səsi” festivalı keçirilir. Festivalın zəngin proqramı var. Fevralın 5-də M.F.Axundzadə adına Milli Kitabxanada gənc ədiblərin iştirakı ilə “Poeziya saatı” keçirildi.

Milli Kitabxananın direktoru Kərim Tahirov iştirakçıları salamlayaraq 2008-ci ildə yaradılan Gənc Ədiblər Məktəbinin fəaliyyətindən danışdı, bu məktəb vasitəsilə dövri mətbuatda öz sözünü deyə bilən, ədəbi mühitdə tanınan gənclərin yetişdiyini bildirdi.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 2 fevral - Gənclər Gününün yarama tarixi haqqında məlumat verdi, tədbirə toplaşan gəncləri təbrik etdi. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin təşkilatçılığı ilə gənclərlə bağlı bir sıra layihələr həyata keçirilir. Gənc Ədiblər Məktəbi də bu qəbildəndir. Artıq məktəb üzvlərinin bir çoxunun imzası ədəbiyyat aləmində tanınır, onlar müxtəlif mükafatlara layiq görülürlər. Bu il ilk dəfə təqdim olunan gənclər üçün Prezident mükafatının laureatları arasında Gənc Ədiblər Məktəbinin üzvü Pərvin Nurəliyeva da var.

Rəşad Məcid Yazıçılar Birliyinin Gənclər Şurasının fəaliyyətindən də söz açdı, bu yaxınlarda gənc şair Elşad Ərşadoğlunun quruma sədr, Xəyal Rzanın isə müavin seçildiyini bildirdi.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov Gənclər Günü münasibətilə, gənc yazarları təbrik etdi, onlara yaradıcılıq işlərində uğurlar arzuladı. Nazirliyin təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalı barədə danışan İntiqam Hümbətov bu layihənin yaradıcı gənclərə diqqətin daha bir nümunəsi olduğunu bildirdi. Qeyd olundu ki, bu gün gənclərin asudə vaxtlarının təşkili, eyni zamanda yaradıcılıqla sərbəst şəkildə məşğul olmaları üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Yaradıcı gənclərimizin əldə etdikləri uğurlar onlara göstərilən dəstək və qayğının nəticəsidir. Poeziya saatı”na bir çox gənc müəlliflərin qatılmasını təqdir edən İntiqam Hümbətov belə tədbirlərin gənc şairlərin püxtələşməsində, ictimaiyyətə və oxuculara tanıdılmasında böyük əhəmiyyəti olduğunu dedi:Arzu edirəm ki, gənclərimiz hər zaman belə yaradıcı tədbirlərdə bir araya gəlsinlər”.

Tədbirdə gənc şairlərdən Fərid Hüseyn, Vüsal Nuru, Xəyal Rza, Elşad Ərşadoğlu, Vəfa Mürsəlqızı, Günel Şamilqızı, Arzu HüseynRamil Əhməd şeirlərini söylədilər. Səslənən poeziya nümunələri maraqla qarşılandı.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 7 fevral.- S. 5.