İstedadlı və yaradıcı gənclər mükafatlandırıldı

 

Fevralın 5-də “Buta Palaceda Azərbaycan Gəncləri Günü münasibətilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət bu gün ölkə rəhbərliyi tərəfindən davam etdirilir. Ölkənin qazandığı nailiyyətlər gənclərin fəaliyyətində davamını və inkişafını tapır. Ötən il Bakıda “Xəmsə” milli intellektual oyunu üzrə dünya çempionatı keçirilib, yarışa 12 ölkədən 100-dək iştirakçı qatılıb. Gəncə şəhəri 2016-cı il üçün Avropanın “Gənclər paytaxtı” seçilib. Azərbaycan gəncləri beynəlxalq münasibətlərin və mədəniyyətlərarası dialoqun aparılmasında da fəal iştirak edirlər.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, bu gün gənclərimiz yaradılmış imkanlardan istifadə edərək ən müasir biliklərə yiyələnir, dünyagörüşünə sahib olur, müstəqil Azərbaycanın layiqli vətəndaşı kimi formalaşırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin yüksəldilməsinə olduqca müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

Sonra gənclər üçün Prezident mükafatına, Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı”na layiq görülmüş şəxslər təltif olunublar.

Mərasimdə 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” da elan olunub. www.genclerpaytaxti.az saytında keçirilmiş səsvermənin nəticəsinə əsasən, Quba 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev şəhərin rəmzi açarını Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayevə təqdim edib.

Tədbir konsert proqramı ilə başa çatıb.

 

 

Mədəniyyət.- 2014.- 7 fevral.- S. 5.