Xalq şairi Bəxtiyar Vahabzadə

 

Ulu Nizamidən, Nəsimidən, Füzulidən, Sabirdən və başqalarından mənəvi qidasını alan Bəxtiyar Vahabzadə müəllimi Səməd Vurğun poeziyasına sığınaraq, qayəsinin əsasını həyata, sənətə fəlsəfi görüş və baxışlar təşkil edən Azərbaycan fəlsəfi şeirini daha yüksək zirvələrə qaldırmışdır.

Azərbaycan xalqı həqiqətən şair xalqdır. Azərbaycanın şairiçoxdur. Lakin onların içərisində Bəxtiyar Vahabzadə şeriyyatının özünəməxsus yeri vardır. Bəxtiyar Vahabzadənin müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri şəksizdir. Lakin bütün bunlara baxmayaraq, şair bu sahədə xidmətlərinə necə də təvazökarcasına qiymət verir:

 

Bizim sənət dünyasının

Qırıq telli sazıyam.

Bircə ondan razıyam ki,

Özümdən narazıyam.

 

Şair ədəbiyyat sahəsində misilsiz, əvəzedilməz xidmətlərinə tənqidi yanaşaraq, gör, necə də sadəlik nümunəsi göstərir.

Heç kəsdən gizli deyildir ki, bəzi yazarlar mətbuatda bir şeiriçap olunmamış özünə ədəbi təxəllüs seçir. Lakin Bəxtiyar Vahabzadənin sadəliyi birondan görünür ki, şairin heç vaxt təxəllüsü olmamış, o həmişə öz adı və soyadı ilə çıxış etmişdir.

Şairin yaradıcılıq palitrası çox zəngin və rəngarəng olmuşdur. Xalqı, cəmiyyəti düşündürən hər bir məsələ onun şeirlərinin başlıca mövzusu idi. Azərbaycan xalqının tarixində zaman-zaman baş vermiş faciələrin əsasını qoymuş, Azərbaycanın ikiyə parçalanmasını təsdiqləyən Gülüstan müqaviləsinə (1813) həsr olunmuş «Gülüstan» poemasında şair belə deyir:

 

İpək yaylığı ilə o, asta-asta

Silib eynəyini gözünə taxdı.

Əyilib yavaşca masanın üstə,

Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın.

* * *

Qoyulan şərtlərə razıyıq deyə,

Tərəflər qol çəkdi müahidəyə. …

Tərəflər kim idi? Hər ikisi yad!

Yadlarmı edəcək bu xalqa imdad?!

 

Ötən əsrin 60-cı illərində, kommunist rejiminin kəsə-kəs vaxtında bu mövzuda, bu ruhda poemanı mətbuatda çap etdirmək sənətkardan böyük cəsarət tələb edirdi. O zaman gənc olan Bəxtiyar Vahabzadə həyatının, ailə üzvlərinin, yaxınlarının böyük təhlükə qarşısında qalacağından ehtiyat etməyərək, «Gülüstan» poemasını keçmiş Nuxa (indiki Şəki) şəhər Partiya Komitəsi və rayon Xalq Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin orqanı olan «Nuxa fəhləsi» qəzetində dərc etdirirpoema böyük ictimai əks-sədaya səbəb olur.

Həmin vaxtlar mənim 11-12 yaşım olardı. Sonralar böyüklərimizin söylədiklərinə görə, Bəxtiyar Vahabzadəni yüksək rütbəli vəzifəli şəxs poemanın nəşri ilə bağlı söhbətə çağırır. Həmin vəzifəli şəxs şairi qəbul edərək deyir:

- Şair, xeyir ola, son vaxtlar «podpolnı poema» (gizli poema - İ.A.) çap etdirirsən?

Şairin cavabı çox qısa sərt olur:

- Mən bilmirəm, «Nuxa fəhləsi» qəzeti vaxtdan «podpolnı qəzet» olub?

Bu poema ilə bağlı həmin vaxt şairi böyük çək-çevirə salırlar. «Nuxa fəhləsi» qəzetinin redaktoru, II Dünya müharibəsi iştirakçısı olan Məhyəddin Abbasov da ciddi partiya cəzasına məruz qalır. Lakin şairin özünün sonrakı müsahibələrindən aydın olur ki, o zamanlar gözəgörünməz bir qüvvə onu bu bəladan çəkib çıxarır xilas edir. Bu, ümummilli lider Heydər Əliyev idi.

Bəxtiyar Vahabzadə həmişə məmur özbaşınalığının əleyhinə olmuşdur. Əslində, «məmur» sözü ərəb mənşəli olmaqla, dövlət idarələrində işləyən qulluqçu mənasını verir. Lakin sovet dönəmində «məmur» sözü, əsasən, mənfi mənada işlədilirdi. Bəxtiyar Vahabzadə isə bürokratiyanı, işə bürokratik münasibət bəsləyən məmurları həmişə tənqid atəşinə tuturdu. O, «Meşin qapılar» şeirində yazırdı:

 

Gözləmə otağında

Saatlarla gözlərin

Lap qapıya dikilər.

Mənim çəkdiyimi

Qapılar arxasında

Mürgü döyənlər bilər.

 

Siz ey meşin qapılar,

Siz ey meşin qapılar,

Sizin üzünüz soyuq;

Sizdən ümidlə girib,

Ümidsiz çıxan da çox.

Sizi təpiklərilə

Vurub açan tapılar,

Siz ey bağlı qapılar,

Qaşqabaqlı qapılar!

 

Vaxtilə ayrı-ayrı şairlərin, hətta, sonradan tanınmış, sayılıb-seçilən bəzi şairlərin müsahibə xatirələrindən bizə aydın olurdu ki, onlar ilk şeirinin çap olunması arzusu ilə Yazıçılar İttifaqına gələrkən yaxşı qarşılanmamış, bəzilərinə isə hətta şeir yazmamağı məsləhət görmüşlər. Lakin Bəxtiyar Vahabzadə gənc nəslə, yenicə şeir yazmağa başlamış gənclərə qayğı ilə yanaşmış, bununla bərabər, öz nəsihətləri ilə onlara yaradıcılıqlarında istiqamət vermişdir:

 

Siz ey bizdən sonra şeirə gələnlər,

Bu çətin yollarda uğurlar sizə!

Eşqiniz - gələcək.

Yaşınız - səhər.

Qəlbiniz işıqlı, fikriniz təzə!

 

Mərd olun!

Meydanda durun mərd kimi,

Uymayın ötəri şöhrətə, ada.

Bizim şeirimizin dünəni kimi

Böyükdür, şanlıdır istiqbalı da!

 

Bəxtiyar Vahabzadə həm Xalq şairi, həm xalqın şairi idi. Onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, respublikanın Əməkdar incəsənət xadimi fəxri adına, M.F.Axundzadə adına ədəbi mükafata, keçmiş Azərbaycan SSR-nin dövlət mükafatlarına layiq görülmüş, bir neçə dəfə respublikamızın ali qanunverici orqanına deputat seçilmişdir. Onun «Bir gəminin yolçusuyuq» kitabı keçmiş SSRİ-nin Dövlət mükafatına layiq görülmüşdür. O, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi.

Böyük şairi cəmiyyətdəki çatışmazlıqlar həmişə düşündürmüş, o xalqı narahat edən məsələlərə heç vaxt biganə qalmamışdır. O, bu haqda demişdir:

 

Bilmirəm, bu millətə

Vəkil etdi kim məni?!.

 

Şairin yaradıcılığı Türkiyədə , həmçinin, türkdilli ölkələrin hamısında sevilir yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük, sevimli əbədiyaşar şairidir.

Mən deyərdim ki, şairin ölümü ilə böyük türk dünyasının fəlsəfi şeirinin bel sütunu qırıldı.

Yaxşı yadımdadır. 1995-ci ildə artıq mən Respublika Prokurorluğunun Mərkəzi aparatında işləyirdim. Həmin ilin avqust ayında şairin 70 illiyi doğma Vətənində - Şəki şəhərində, Sabir Rəhman adına Şəki Dövlət Dram Teatrında böyük təntənə ilə qeyd edilirdi. Bu sətirlərin müəllifi Respublika Prokurorluğunun nümayəndəsi kimi iştirak edirdi. Həmin tədbirdəki çıxışımda qeyd etdim ki, Bəxtiyar Vahabzadə yeri gələndə haqsızlığa qarşı vulkan kimi püskürməyi bacarırdı. Bu doğrudan da belə idi. Onun fəaliyyəti çoxcəhətli idi. İnsan var, yaxşı şairdir, ya dramaturqdur ya yaxşı ədəbiyyatşünasdır. Bəxtiyar Vahabzadənin xoşbəxtliyi ondadır ki, o böyük şair, dəyərli dramaturq peşəkar ədəbiyyatşünas-alim, tələbələrin böyük məhəbbətlə sevdiyi pedaqoq idi.

Böyük şairin yaradıcılıq diapazonu çox geniş hərtərəfli idi. Onun çoxcəhətli bədii yaradıcılığını, təbii ki, bir məqalə çərçivəsində, özü mütəxəssis olmayan tərəfindən hərtərəfli təhlil etmək mümkün deyil bunu mən qarşıma məqsəd kimi qoymamışam. Sadəcə olaraq, bu, Bəxtiyar Vahabzadə yaradıcılığına olan oxucu məhəbbətinin təzahürüdür.

Fevralın 13-də Xalq şairinin vəfatının 5 ili tamam olur. Ona ulu Tanrıdan qəni-qəni rəhmət diləyirik.

 

İlham Abbasov,

 

hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Mədəniyyət.- 2014.- 12 fevral.- S. 10.