Xəzərin
sahilində parlayan şəhər
İtaliyanın
“Marie claire.it” onlayn jurnalında Azərbaycan paytaxtının
dinamik inkişafından bəhs edən məqalə dərc
olunub. Yazıda Xəzər dənizinin sahilində yerləşən,
gündən-günə dəyişən, müasir görkəmi
ilə gözoxşayan Bakının turistlərin diqqətini
cəlb etdiyi vurğulanır. Bildirilir ki, enerji sənayesinin tərəqqisi
Azərbaycanın dünyada inkişaf etmiş ölkə kimi
tanınmasına mühüm töhfələr verib. Tikinti
sektorunda müşahidə olunan canlanma şəhərin hər
bir nöqtəsində nəzərə çarpmaqdadır.
Yazıda müasir memarlığın rəmzi sayılan Heydər
Əliyev Mərkəzi, “Alov qüllələri” kompleksindən
və paytaxtda ucalan digər çoxmərtəbəli
binalardan, dənizkənarı bulvarda “Kiçik Venesiya şəhərciyi”
adlanan ərazidən söz açılır, Bakının
gecə görüntüsünün möhtəşəmliyi
qeyd olunur.
Diqqətə çatdırılır ki, UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına salınmış Şirvanşahlar saray kompleksi və paytaxtın qədim rəmzlərindən olan Qız qalası şəhərdə tarixin qorunub saxlanıldığına ən gözəl nümunədir.
Məqalədə Azərbaycanın müasir incəsənətinin təbliği
ilə məşğul olan “YARAT” Müasir İncəsənət Məkanının
fəaliyyəti ilə bağlı məlumat verilir.
Mədəniyyət.- 2014.- 12
fevral.- S. 16.