Mədəniyyət və turizm sahəsində kadr hazırlığı

 

Tədris prosesində Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyinin əməkdaşlığı müzakirə edildi

 

Fevralın 12-də Azərbaycan Turizm İnstitutunda Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrində tədrisin təşkili və bu prosesdə «Təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın müddəalarının tətbiqinə həsr olunmuş iclas keçirildi.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, qeyd olunan nazirliklərin əməkdaşları, respublikanın ali məktəblərində çalışan mütəxəssislər iştirak edirdilər.

Əbülfəs Qarayev bildirdi ki, ölkəmizin mədəniyyət və turizm sahəsi üçün kadr hazırlığı həm Təhsil Nazirliyi, həm də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vahid konsepsiya əsasında həyata keçirilməlidir. Bu sahədə bir çox yeniliklər nəzərdə tutulub və onların hamısının müzakirəsi birgə aparılacaq: «Belə görüşlər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasında çox səmərəli nəticələr verə bilər. Biz vəziyyəti təhlil etməli, mövcud problemlərin həlli yollarını tapmalı və bu prosesi daha sürətlə aparmalıyıq. Bu gün turizm sənayesi sürətlə inkişaf edir, peşəkar kadrlara tələbat artır və buna uyğun olaraq tələbə və məzunların sayı da artırılmalıdır. Bu istiqamətdə bir çox işlər həyata keçirilir».

Ölkədə teatrların, muzeylərin yenidən qurulduğunu, mədəniyyət mərkəzlərinə yeni texnologiyaların gətirildiyini deyən Əbülfəs Qarayev bu sahədə də kadr hazırlığı məsələsinə diqqət çəkdi. Kadr hazırlığında Təhsil Nazirliyinin tabeliyində olan ali tədris ocaqları ilə birgə işləməyin vacibliyini qeyd etdi.

Təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, Azərbaycan Turizm İnstitutunda tətbiq olunan yeniliklər, xüsusilə xarici universitetlərlə əməkdaşlıq, müasir tədris proqramları əsasında tədrisin həyata keçirilməsi kimi məsələlər çox təqdirəlayiqdir. Bu təcrübə digər ali təhsil müəssisələrində də tətbiq edilməlidir.

Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev tədbirin məqsədi barədə məlumat verərək bildirdi ki, ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda bütün istiqamətlər üzrə dinamik inkişaf müşahidə olunur və inkişafın qorunub saxlanılması bilavasitə təhsil sisteminin göstəricilərindən asılıdır: «Təhsil müəssisələrinin hazırladığı kadrlardan çox şey asılıdır ki, onlar gələcəkdə ölkəmizin rəqabətədavamlılığını təmin edən mütəxəssislər olsunlar. Bu baxımdan Azərbaycanda təhsil sistemi həyati vacib bir sahə kimi qiymətləndirilir. Bir məqamı da qeyd edim ki, hər iki nazirliyin rəhbərlərinin iştirakı ilə keçirilən bugünkü müzakirə də təhsil müəssisələrinin rəhbərləri üçün bir fürsətdir».

Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri, həyata keçirdiyi proqram və layihələr, üzv olduğu beynəlxalq təşkilatlar haqqında məlumat verdi, daha keyfiyyətli kadr hazırlığı aparmaq üçün bir sıra təkliflərlə çıxış etdi. Rektorun sözlərinə görə, 2003-2013-cü illər ərzində ölkədə əsas turizm göstəriciləri ən azı 3-5 dəfə artıb. Turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya çatıb. Bu müddətdə turizm yerləşdirmə yerlərinin və turizm sahəsində çalışanların sayı üç dəfədən çox artaraq müvafiq olaraq 32800-ə və 9050-yə yüksəlib. Qeyd olunan dövrdə ölkəyə gələn turistlərin sayı da dörd dəfəyədək artaraq təxminən 2 milyona çatıb. Bu irəliləyiş turizm sahəsində dövlət siyasətinin, müvafiq dövlət proqramlarının uğurlu icrasının nəticəsində olub.

Cəfər Cəfərov qeyd etdi ki, Azərbaycana xarici turistlərin cəlb edilməsi ölkənin iqtisadi inkişafına və xaricdə ölkəmizin turizm məkanı kimi daha çox tanınmasına böyük təsir edir. Bu nəticə ölkənin beynəlxalq reytinqlərində də özünü göstərir. Dünya İqtisadi Forumunun son hesabatında qlobal turizm rəqabət qabiliyyətlilik indeksinə görə Azərbaycan 7 pillə irəliləyib və 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. 2012-ci il hesabatında ölkəmiz 144 ölkə arasında 46-cı, bir öncəki il isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.

Rektor çıxışında daha sonra turizm sahəsində kadr hazırlığı məsələsinə toxunaraq bildirdi ki, təhsil strategiyasına əsasən ali məktəblərə ödənişli təhsilin qəbul planının ləğv edilməsi nəzərdə tutulubbu, əmək bazarında çox ehtiyac olan turizm və xidmət sahəsi üzrə kadr hazırlığına kömək edə bilər. Onun fikrincə, turizm təhsilində ciddi addımlar atılmalı, kütləvi kadr hazırlığı başlanmalıdır: «Bu zaman keyfiyyəti də ikinci plana keçirmək olmaz».

Turizm İnstitutunun gələcək inkişaf planlarından, o cümlədən ingilisdilli təhsil ocağına çevrilmək niyyətindən danışan Cəfər Cəfərov tələbə şəhərciyinin tikilməsi, ən azı 5 regionda Bakı Turizm Peşə Məktəbinin filialının, həmçinin iki bölgədə (Masallı və Xaçmaz) ATİ-nin filialının yaradılması təklifləri ilə çıxış etdi.

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov çıxışında turizmin Azərbaycan iqtisadiyyatı üçün böyük imkanlara malik olduğunu vurğuladı. Bu səbəbdən turizm sahəsində kadr hazırlığı daima ölkə rəhbərliyinin diqqətindədir. Mingəçevir Turizm Kollecinin fəaliyyəti barədə məlumat verən direktor qarşıya çıxan çətinliklərdən də danışdı, onların həlli üçün təkliflərini bildirdi.

Bakı Xoreoqrafiya Məktəbinin direktoru Neylüfər Kərimova, Süleyman Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbinin direktoru Vaqif Abbasov, Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyevin çıxışları ilə davam edən iclasda tədrisin təşkili sahəsində iki nazirliyin daha səmərəli əməkdaşlığı ilə bağlı müzakirələr aparıldı, bu yöndə konkret istiqamətlər müəyyənləşdirildi.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 14 fevral.- S. 5.