Yeniləşən mədəniyyət ocaqları

 

Paytaxtın Bibiheybət qəsəbəsində mədəniyyət evinin təmirdən sonra açılışı olub

 

Fevralın 12-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində mədəniyyət evi və kütləvi kitabxana binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin sərəncam ilə təsdiq olunan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bibiheybət qəsəbəsində aparılan tikinti-quruculuq işlərindən danışdı. Bildirdi ki, qəsəbənin mədəniyyət evi və kitabxanası bir əsrə yaxın yaşı olan binada yerləşir. Dövlət Proqramına uyğun olaraq bina əsaslı şəkildə təmir edilib, kitabxana üçün əlavə otaq tikilib.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva mədəniyyət ocağının əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə qəsəbə sakinlərini təbrik etdi: “Son dövrlər ölkəmizdə tikinti-quruculuq işləri sürətlə davam edir, bir çox mədəniyyət ocaqları təmir olunur və fəaliyyət üçün daha da rahat şərait yaradılır. Mən əminəm ki, yenidən qurulmuş mədəniyyət evikitabxanadan daha yüksək səviyyədə istifadə olunacaq, bu mədəniyyət ocağı öz fəaliyyətini uğurla, layiqincə davam etdirəcək”.

Sonra qonaqlar binada yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, mədəniyyət evində 2012-ci ildə əsaslı təmir işləri başlanıb. Ümumi sahəsi 359 kvadratmetr olan binanın divarlarında bərkitmə işləri aparılıb. Mədəniyyət evi 3 otaq, rəqs və konsert zallarından ibarətdir. Konsert zalında yeni oturacaqlar və səhnə quraşdırılıb, dərnəklərin fəaliyyəti və işçilər üçün lazımi şərait yaradılıb. Hazırda mədəniyyət evində 5 nəfər əməkdaş çalışır.

Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 4 nömrəli filialı olan Bibiheybət qəsəbə kütləvi kitabxanası 1937-ci ildən fəaliyyət göstərir. Kitabxana 27 min nüsxədən çox kitab fonduna malikdir. Təmirdən sonra burada oxuculara nümunəvi xidmət göstərmək üçün hər cür şərait yaradılıb.

Sonda mədəniyyət evinin kollektivi maraqlı ədəbi-bədii kompozisiya təqdim etdi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 14 fevral.- S. 8.