Turizm Assosiasiyasının fəaliyyətini genişləndirmək lazımdır

 

Mədəniyyət və turizm naziri AZTA-nın rəhbərliyi ilə görüşüb

 

Fevralın 14-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyası (AZTA) İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə nazirin müavini Nazim Səmədov, Turizm şöbəsinin müdiri Aydın İsmiyev, müavini Rauf Paşayev, Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov da iştirak edib.

Görüşün əsas mövzusu Azərbaycanda dövlət və qeyri-dövlət sektorunun əməkdaşlığı məsələsi olub. Bu baxımdan Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Turizm Assosiasiyası və Turizm İnstitutunun birgə çalışmaları, həyata keçirilən layihələrin turizm sektoruna verdiyi töhfələr xüsusilə vurğulanıb.

Nazir Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasının fəaliyyətini təqdir edərək qurumun beynəlxalq miqyasda da aktiv olduğunu diqqətə çatdırıb. AZTA-nın rəhbəri Nahid Bağırovun BMT-nin Dünya Turizm Təşkilatının Birləşmiş Üzvlərinin İdarə Heyətinin vitse-prezidenti seçilməsini mühüm nailiyyət kimi dəyərləndirib: «Bu uğurlarla bərabər AZTA-nın fəaliyyətini ölkə daxilində daha da genişləndirmək vacibdir. Sektor təmsilçiləri AZTA-nı həm turizm şirkətlərinin, həm də hotellərin maraqlarına xidmət edən nüfuzlu və əhəmiyyətli bir təşkilat kimi qəbul etməlidirlər. Qurum yeni fəaliyyətə başlayan şirkətlərin turizm bazarında yer tutmasında, ölkəmizə daha çox xarici turistin cəlb olunmasında, Azərbaycan Turizm İnstitutu ilə yeni layihələrin hazırlanmasında, peşəkar kadrların yetişdirilməsində yaxından iştirak etməlidir».

Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyi ilə AZTA-nın əməkdaşlığı da gücləndirilməlidir: «Turizm Assosiasiyası özəl sektorun böyük bir hissəsini əhatə edən turizm bazarı ilə birbaşa əlaqəlidir, bu sahədə mövcud problemlərdən, qarşıya çıxan çətinliklərdən daha çox məlumatlıdır. Nazirlik bu məsələlərin həllində AZTA-ya həmişə kömək etməyə hazırdır. Ancaq bunun üçün konkret təkliflər və fəaliyyət planı hazırlanıb nazirliyin mütəxəssislərinə təqdim edilməlidir».

Nazir bildirib ki, AZTA turizm şirkətlərini beynəlxalq sərgilərdə iştiraka cəlb etməlidir, onlara bunun əhəmiyyətini başa salmalıdır: «Turizm şirkətləri ölkənin turizm potensialı haqqında beynəlxalq səviyyədə təbliğat aparmalıdır. 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları zamanı qonaqların qəbulu ilə bağlı AZTA fəaliyyət planı hazırlamalıdır».

Görüşdə gələcək fəaliyyət və əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasının yeni ofisi ilə tanış olub. Qurumun Treninq Mərkəzində keçirilən kurslarla bağlı nazirə məlumat verilib.

 

F.Abdullayeva

 

Mədəniyyət.- 2014.- 19 fevral.- S. 5.