Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb

 

Türkiyənin Egey bölgəsindəki Uşak şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.

Mərasimi açan Uşak bələdiyyəsinin sədri Əli Ərdoğan bildirib ki, onun bələdiyyə məclisi Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul edib və şəhərin ən görkəmli yerində möhtəşəm abidə qoyulub. O vurğulayıb ki, Xocalı qətliamı Türkiyənin də faciəsidir.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov abidəni ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamlarına uyğun olaraq, sevincini və kədərini paylaşan, bir millət, iki dövlət olan Türkiyə və Azərbaycanın həmrəyliyinin daha bir rəmzi olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev mərasim iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, abidənin ucaldılmasına görə Azərbaycan xalqı və dövləti adından Türkiyə xalqına, Uşak bələdiyyəsinə təşəkkürünü bildirib.

Abidənin müəllifi Mert Kılınç bu abidənin Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin rəmzi olmasından məmnunluğunu ifadə edib.

Açılışdan sonra mərasim iştirakçıları abidənin ucaldığı parkda Xocalı soyqırımı ilə bağlı təşkil edilmiş fotosərgiyə baxıblar.

Həmin gün Uşak UniversitetindəXocalını unutma!” mövzusunda seminar keçirilib.

Tədbirdə Uşak Universitetinin rektoru, professor Sait Çelik, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, Milli Məclisin deputatı Aqil Abbas, Türkiyədəki Azərbaycanlıların Mədəniyyət və Təhsil Vəqfinin sədri Erol Göllü çıxış edərək tarixi gerçəklərin dünyaya çatdırılmasında iki ölkənin əlbir hərəkət etməsinin vacibliyini vurğulayıblar. Seminar iştirakçıları Xocalı soyqırımından bəhs edən sənədli filmə baxıblar.

 

Mədəniyyət.- 2014.- 21 fevral.- S. 3.