Təhsilin inkişafı üzrə Dövlət Strategiyası beş əsas istiqaməti əhatə edir

 

Mingəçevir Turizm Kollecinin direktoru sənədin tədrisdə praktik tətbiqi ilə bağlı fikirlərini bölüşdü

 

Bu günlərdə Azərbaycan Turizm İnstitutunda Mədəniyyət və Turizm Nazirliyinin sistemində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesində «Təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın müddəalarının tətbiqinə həsr olunmuş toplantı keçirildi. Nazirliyin sisteminə daxil olan təhsil müəssisəsindən biri də Mingəçevir Turizm Kollecidir. Kollecin direktoru Əyyub Əyyubovla tədrisin təşkili və Dövlət Strategiyasının əsas istiqamətləri ilə bağlı söhbətləşdik.

Həmsöhbətim bildirdi ki, ölkə Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası» təhsil sisteminin başlıca istiqamət və vəzifələrini əks etdirir: «Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. Sənəd səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur».

Direktor bu strateji istiqamətlərin Mingəçevir Turizm Kollecində tətbiq olunduğunu, lakin bəzi çətinliklərlə də qarşılaşdıqlarını bildirdi. Sənəddə birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlib və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisasali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir: «Bu istiqamət mütəxəssis hazırlığı üçün zəruri olan ən başlıca məsələdir. Respublikanın ali məktəbləri Bolonya sisteminə keçsə də, bütün kurikulumlar və tələb olunan modulların bu sistemin tətbiqinə uyğun hazırlandığını demək olmaz. Orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü tədris ilindən başlayaraq tələbələrin biliyinin qiymətləndirilməsində bal sistemi tətbiq edilir. Lakin bu sistemin hələ mükəmməl olmaması xeyli çətinlik yaradır. Mingəçevir Turizm Kolleci nazirliyin köməkliyi ilə uğurlu beynəlxalq əlaqələr yaratmağa nail olub, Böyük Britaniya, Rumıniya, Almaniya, Rusiya, Qazaxıstan və sair ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq edirik. Lakin mövcud qaydalar səbəbindən bu ölkələrin təcrübəsindən təhsilin inkişafı üçün faydalı olacaq bir çox məqamları tətbiq etmək mümkün olmayıb. Amma bu yaxınlarda Nazirlər Kabineti tərəfindən «Orta ixtisas təhsili müəssisələrində kreditlərin tətbiqi qaydaları»nın təsdiq edilməsi, Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ilindən etibarən kredit sisteminin tətbiqinə dair qərar verilməsi bu çətinlikləri aradan qaldırmağa yəqin kömək edəcək».

Dövlət Strategiyasının ikinci əsas istiqaməti təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir. Həmsöhbətimin sözlərinə görə, bu istiqamət özündə təhsil verənlərin peşəkarlığının yüksəldilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, onların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir: “Bu strateji istiqamətlə bağlı olaraq zəruri tədbirlərdən biri innovativ təlim metodlarının tətbiqi üçün müəllimlərin hazırlanmasıdır. Müəllimlərin müvafiq ixtisasartırma kurslarında, seminar və treninqlərdə xüsusi hazırlıq keçmələri təşkil olunmalıdır».

Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur və təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.

Dördüncü istiqamət isə müasir tələblərə uyğunömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasından ibarətdir: «Hesab edirəm ki, bu, həqiqətən çox əhəmiyyətli bir istiqamət olmaqla, təhsilin səviyyə və keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün öz sanballı töhfəsini verəcək. İlkin mərhələdə kollecin maddi-texniki bazası tədris tələblərini ödəsə də, yaxın gələcəkdə beynəlxalq standartlara uyğun müasir tipli tədris binasının və təcrübə sahəsi olaraq kiçik hotelin tikintisi nəzərdə tutulmalıdır”.

Sənədin beşinci strateji istiqaməti iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır: Bu istiqamət təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur. Beynəlxalq təcrübədən yararlanaraq təhsil müəssisələrinin maliyyələşdirilməsinə qeyri-hökumət təşkilatlarının və xeyriyyə fondlarının cəlb edilməsi diqqətə alınmalıdır. Təhsil müəssisələrində adambaşına maliyyələşməyə keçid də təhsil müəssisələrinin yaxşı mənada reytinqi üçün rəqabəti artıra bilər. Rəhbərlik etdiyim kollecdə hazırda 2305 nəfər tələbə təhsil alır ki, bunların 1465 nəfəri, yəni 65 %-i ödənişli formada təhsil alanlardır. Bu baxımdan strategiyada ödənişli təhsil xidmətlərinin dəstəklənməsi olduqca mühüm əhəmiyyət kəsb edir».

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 21 fevral.- S. 5.