Nəsrdən gələn xoş səs...

 

İlyas Əfəndiyev - 100

 

Azərbaycanın Xalq şairi Səməd Vurğun öz müasirlərinin və dövrünün ədəbi gəncliyinin yaradıcılığına diqqətlə yanaşmış, bu barədə fikir və mülahizələrini çıxış və məqalələrində ifadə etmişdir. Şairin yaradıcılığına hörmətlə yanaşdığı sənətkarlardan biriböyük nasirdramaturq, Xalq yazıçısı İlyas Əfəndiyev olmuşdur.

1944-cü ilin fevral-aprel aylarında Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri Səməd Vurğunun təşəbbüsü və rəhbərliyi ilə yazıçılardan Mir Cəlal, İlyas Əfəndiyev və Ənvər Məmmədxanlının yaradıcılıq hesabatları dinlənilmişdir. Həmin il martın 13-də Yazıçılar İttifaqında ədib, şair və tənqidçilərin iştirakı ilə İlyas Əfəndiyevin yaradıcılıq hesabatına həsr olunmuş geniş yığıncaq keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan Səməd Vurğun qeyd etmişdir ki, biz son illərdə yetişən ayrı-ayrı gənc yazıçıların yaradıcılığı ilə az məşğul olduğumuzu etiraf etməliyik. Şair bunu rəhbərlik etdiyi Yazıçılar İttifaqının fəaliyyətinin zəif cəhətlərindən hesab etmişdir.

Səməd Vurğun ədəbi gəncliyin yaradıcılıq məsələləri ilə üzvi surətdə məşğul olmağı və onların yaradıcılıq hesabatını tez-tez dinləməyi zəruri hesab edirdi. Deyirdi ki, biz, ədiblərimizin yaratdığı hər bir əsərdən gələn xoş səsi dinləməli və yazıçıya öz yaradıcılığını inkişaf etdirmək üçün faydalı yollar göstərməliyik. Səməd Vurğun bu baxımdan İlyas Əfəndiyevin yaradıcılığını yüksək dəyərləndirirdi: “İlyas Əfəndiyevin hekayələrindən xoş səs gəlir. İlyasın yaradıcılıq addımlarından bir şeriyyət səsi eşidilir. Bu da şübhə yoxdur ki, nəsrimizin şeirimiz səviyyəsinə qalxmasına, inkişaf etməsinə kömək edən yeni və qiymətli bir addım sayılmalıdır".

Bununla yanaşı, o, İlyas Əfəndiyevin yaradıcılıq hesabatını dinləyərkən yazıçının hekayələrində nə dərəcədə müvəffəq olduğunu və yaradıcılığında gözə çarpan ayrı-ayrı qüsurların göstərilməsini, beləliklə də gənc nasirin gələcəkdə öz yaradıcılığını inkişaf etdirməsinə kömək göstərilməsini zəruri hesab edirdi.

Səməd Vurğun 1943-cü ildə Azərbaycan yazıçılarının ədəbi yaradıcılıq konfransında "Vətən müharibəsi və ədəbiyyatımız" mövzusunda məruzəsində müharibə dövrü Azərbaycan ədəbiyyatı barədə danışmış, ədəbiyyatımızın "öz vətəndaşlıq vəzifəsini namus və şərəflə ifa etdiyini" xüsusi qeyd etmişdir. Şair həmin məruzəsində sevdiyi bir sıra nəsr əsərlərinin, o cümlədən Süleyman Rəhimovun "Medalyon", Mir Cəlalın "Vətən yaraları", Əbülhəsənin "Oxu, bülbülüm", Ənvər Məmmədxanlının "Analar yollara çıxdı" əsərlərinin, habelə İlyas Əfəndiyevin "Durnanın günahı" hekayəsinin adını çəkmiş, bu əsərləri özünün «çox xoşladığı» ədəbi nümunələr sırasına daxil etmişdir. Qeyd etmək lazımdır ki, İlyas Əfəndiyevin "Durnanın günahı" hekayəsinə (ilk dəfə 1942-ci ildə "Vətən uğrunda" jurnalının 9-cu sayında dərc olunmuşdur) ədəbi tənqidin münasibəti birmənalı olmamış, bu əsər bir vaxtlar tənqid hədəfinə çevrilmiş, bəzi hallarda hücumlara da məruz qalmışdır. Təbii ki, Səməd Vurğun kimi nüfuzlu və səriştəli söz sahibinin bu hekayəni özünün "çox xoşladığı əsərlər" içərisində görməsi ədəbi tənqidin gözündən yayına bilməzdi.

Şair 1945-ci ildə Azərbaycan Yazıçılar İttifaqının plenumundakı "Azərbaycan ədəbiyyatının gələcək vəzifələri" adlı məruzəsində bir sıra nəsr əsərləri sırasında İlyas Əfəndiyevin "Sən ey qadir məhəbbət" hekayəsinin də adını çəkmiş və qeyd etmişdir ki, yazıçılarımızın bu növ hekayələrində biz xalqımızın gözəl və nəcib mənəviyyatını oxuyuruq, özümüzlə və gələcəyimizlə fəxr edirik.

Bütün həyatı boyu ədəbi gəncliyin xeyirxah hamisi olmuş Səməd Vurğun Ənvər Məmmədxanlı, Zeynal Xəlil, İslam Səfərli, habelə İlyas Əfəndiyev kimi gənclərin dram əsərləri yazmasını alqışlamış, onlardan öz qayğısını əsirgəməmişdir. Şair, yeri gəldilkcə, bu barədə ümumittifaq miqyasında da öz fikir və mülahizələrini bildirmişdir.

Səməd Vurğun SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin XI plenumunda Azərbaycan ədəbiyyatının müasir durumu haqqında danışmış, yazıçılarımızın son illərdə qazandığı yaradıcılıq uğurları barədə xüsusi məlumat vermişdir.

Şair «Literaturnaya qazeta»nın 8 iyul 1947-ci il tarixli sayında dərc olunmuş bu çıxışında digər qələm sahibləri ilə (Süleyman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn, Əbülhəsən Ələkbərzadə) bir sırada dramaturgiyada ilk addımlarını atan İlyas Əfəndiyevin "İşıqlı yollar" pyesi barədə də fikir və mülahizələrini bildirmişdir. Gənc nasirin pyesində maraqlı obrazlar yaratması şairin diqqətini cəlb etmiş, onun bir dramaturq kimi fəaliyyətini də qiymətləndirmiş və demişdir: «Gənc nasir İlyas Əfəndiyev «İşıqlı yollar» pyesində qoca buruq ustasından başlamış mədənə yenicə işləməyə gələn... fəhlələrin, mühəndislərin maraqlı surətini yaratmışdır... Müəllif əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların zəhmətini parlaqreal boyalarla göstərir".

İlyas Əfəndiyevin ilk müstəqil dram əsəri olan "İşıqlı yollar" (müəllifin ilk səhnə əsəri yazıçı Mehdi Hüseynlə birlikdə 1943-cü ildə qələmə aldığı "İntizar" pyesidir) 1947-ci ildə Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuş və 1948-ci ildə teatrın Moskva şəhərinə qastrolu zamanı orada da uğurla nümayiş etdirilmişdir.

Səməd Vurğun qələm dostunun "Bahar suları" pyesinə də həssaslıqla yanaşmış, bu əsərin adını teatrın uğurlu tamaşalarından sayılan "Sevil", "Yaşar", "Almaz", "Həyat", "Toy" tamaşaları ilə yanaşı çəkmişdir. Bununla yanaşı şair bu əsərdə İlyas Əfəndiyev nəsrinə məxsus şeriyyəti xüsusi qeyd etmiş və yazmışdır: "Biz "Bahar suları" əsərini onun şeiriyyətinə görə sevirik, bir daha inanırıq ki, həyatımızda yalnız nəhənglər deyil, eyni zamanda, yeni, zəngin, həm də gözəl bir insan mənəviyyatı yaradılır".

Səməd Vurğunun qələm dostu barədə, xüsusən onun nəsrindəki poeziyaya məxsus həzinlik barədə söylədiklərindən birio vaxtlar hələ çox gənc olan şair Xəlil Rzanın yaddaşında bizə çatmışdır. Xəlil Rzanın 1994-cü ildə mətbuatda dərc etdirdiyi «Əzəmətli yaradıcı» adlı məqaləsində oxuyuruq: «Səməd Vurğunun gözəl xüsusiyyətlərindən biri başına toplanmış yazıçıları, ziyalıları dürüst qiymətləndirməsi, xalqa tanıq verməsi idi. Onun alqış seli içərisində bir təqdimatı həmişəlik yadımda qaldı:

- Mənim solumda, ürəyimə yaxın yerdə əyləşmiş İlyas Əfəndiyev ayrıca istedaddır, nəsrimizdə nadir hadisədir. Mən İlyas Əfəndiyevi əsərlərini nəsr biçimində, qafiyəsiz, vəznsiz yazan şair adlandırıram. Hərçənd ki, onun əsərlərində bəzən şeir ölçüləri ilə uyuşmayan, ancaq bir nəbz kimi döyünən vəzn də, ritmvar. Mən Azərbaycan ədəbiyyatının bu cür yaradıcıları ilə fəxr edirəm...».

Məlumdur ki, İlyas Əfəndiyev də bir qələm sahibi olaraq klassik ədəbiyyata, müasirlərinin yaradıcılığında, o cümlədən dövrünün ədəbi gəncliyinə həssaslıqla yanaşmış, bu barədə fikir və mülahizələrini bildirmişdir. Onun nəsr, dramaturgiyateatr, poeziya, ədəbiyyatımızın nəzəri məsələləri ilə yanaşı, kino, musiqi və incəsənətin digər sahələri barədə də maraqlı araşdırmaları vardır. Səməd Vurğunun yaradıcılığı da İlyas Əfəndiyevin araşdırmalarında xüsusi yer tutur. Bu isə, təbii ki, ayrıca söhbətin mövzusudur...

 

Adilxan Bayramov,

 

filologiya elmləri doktoru

 

Mədəniyyət.- 2014.- 26 fevral.- S. 11.